Səbinə Mikina da Londona lisenziyanı özünə təmin etdi
Aprelin 21-də Slovakiya paytaxtı Bratislavada qılıncoyndanlar arasında Avropa olimpiya təsnifatlı turnir start götürüb. İdman.com.az saytının məlumatına görə, həmin yarışda Azərbaycan idmançıları da iştirak ediblər. Sablya növündə Səbinə Mikina mübarizə aparıb. O, rəqabətə bu gün qoşulub.

Milli komandamızın baş məşqçisi Yaşar Məmmədov səfərdən öncə «İdman» qəzetinə verdiyi açıqlamada bildirmişdi ki, Səbinə yığma üzvləri arasında London olimpiadasına lisenziya qazanmağa tək şansı olan idmançımızdır. Bunun üçün, ona Bratislavada birinci qarşılaşacağı rəqibinə qalib gəlməsi kifayətdir.

Sevindiricidir ki, Mikina bu vəzifənin öhdəsindən gəlib. İlkin mərhələdən azad olan sablayaçımız, sonrakı raundda türkiyəli
İrina Ayişə Kravçukla üz-üzə gəlib. Gərgin mübarizədə o, rəqibini 15:7 hesabı ilə məğlub edib. Yarımfinalda təmsilçimiz bolqarıstanlı Marqarita Çomakova ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Səbinə bu yarışa qədər reytinqdə 78 xalla 18-ci yerdə idi. Onu ilk «16-lığ»dan 2 pillə ayırırdı.

Qadınların şpaqa yarışında Yuliya Nelyubova ilk qarşılaşmada latviyalı Yelena Rublevskaya 15:7 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə ingiltərəli Korinna Lavrensiyə uduzub (12:15).
Kişilərin bu proqramda mübarizəsində Kənan Əliyev ilkin mərhələni adlaya bilməyib.

KAMRAN

Xəbər 2128 dəfə oxundu.