Mingəçevirdə “Qızlar futzal kuboku” turniri keçirilib
Mingəçevirdə 13 yaşadək məktəblilər arasında “Qızlar futzal kuboku” turniri keçirilib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin idman zalında keçirilmiş yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edib.

Turnirin ilk günündə qrup, növbəti gün isə play-off mərhələsinin qarşılaşmaları keçirilib. AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və idman ayaqqabıları ilə təmin olunublar.

Mingəçevir şəhər 4 saylı tam orta məktəbin komandası turnirin qalibi olub. Üç saylı və 10 saylı tam orta məktəbin komandası isə müvafiq olaraq ikinci və üçüncü pilləni tutublar.

Mükafatçılara diplom və medallar, qalib komandaya isə kubok təqdim edilib. Üç saylı tam orta məktəbin komandasının üzvü Sevinc Mirzəliyeva turnirin ən yaxşı oyunçusu seçilib.

Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar futzal kuboku” layihəsi sayca ikinci dəfə təşkil olunur. İlk layihə oktyabrın 27-28-də Qubada keçirilib. Məqsəd gələcəkdə qızlar futzal liqasını, həmçinin futzal üzrə qadınlardan ibarət milli komandanı yaratmaqdır.

Növbəti aylarda layihə daha 5 regionda keçiriləcək.

Xəbər 660 dəfə oxundu.