Qadınlar arasında Formula W seriyası iştirakçılarının ilkin siyahısı elan edilib
Qadınlar arasında Formula W seriyası yaradılacağı xəbəri oktyabrın ortalarında elan edilmişdi. Bu yeniliyə münasibət birmənalı olmasa da, təşkilatçılar birinci çempionata hazırlığı davam etdirirlər.

Yarışların təqvimi və bu seriyada hansı maşından istifadə ediləcəyi artıq məlumdur. Bu gün iştirakçıların ilkin heyəti elan edilib.

Təşkilatçılar bildirirlər ki, yarışlarda iştirak etmək üçün 30 ölkədən 100-dən çox müraciət daxil olub. Onların arasından seçilmiş 55 namizədin fiziki və peşəkar hazırlığını qiymətləndirmək üçün yaxın iki ay ərzində xüsusi test yoxlamaları keçiriləcək. Üç gün davam edəcək testlərin nəticələrinə əsasən seriyanın birinci mövsümü üçün 18 pilot qadın seçilməsi nəzərdə tutulur.

İştirakçılar arasında kifayət qədər məşhur adlarla yanaşı gözlənilməz namizədlər də var. Məsələn, “Lotus” komandasının keçmiş təcrübəçi pilotu 30 yaşlı Karmen Xorda və “Renault 3.5” formula yarışlarının keçmiş iştirakçısı Beytske Visser namizədlər sırasındadır. 2010-cu il Britaniya Formula yarışlarının çempionu olmuş Elis Pauell, GP3 seriyasının keçmiş iştirakçısı Samin Qomes, Britaniya Formula 3 yarışları tarixində qalib gəlmiş ilk qadın pilot Ceymi Çedvik də bu seriyaya düşməyə çalışırlar.

Eyni zamanda, seriyanın potensial iştirakçıları arasında bütün dünyadan seçilmiş gənc və o qədər də gənc olmayan pilot qadınlar da az deyil.

Xəbər 918 dəfə oxundu.