Milli Olimpiya Komitələri Assosiasiyası yeni prezident seçkilərini təxirə salıb
Milli Olimpiya Komitələri Assosiasiyası (MOKA) təşkilatın prezidenti Əhməd əl-Fahad əl-Sabahın öz səlahiyyətlərindən imtina edib.

Azsport.az saytı xəbər verir ki, MOKA yaranmış vəziyyətlə bağlı yeni prezidentin seçkilərini təxirə salmaq barədə qərar qəbul edib. Bu qərar təşkilatın Tokioda keçirilən Baş Assambleyasında qəbul olunub.

İclasın gedişində bir sıra ölkələrin nümayəndələri şeyxə tam dəstəyini ifadə ediblər və onun yenidən seçilməsi tələbini irəli sürüblər. Buna baxmayaraq, seçki komissiyası seçkiləri təxirə salıb və İsveçrədə məhkəmə prosesində iştirak edən əl-Sabahın da eyni fikirdə olduğunu diqqətə çatdırıb. Şeyx, öz növbəsində, vəzifədən daha güclü qayıtması üçün getdiyini və fəaliyyəti dövründə təkbaşına deyil, icraiyyə komitəsi üzvləri ilə birlikdə qərarlar qəbul etdiyini söyləyib. O əlavə edib: ”İcazənizlə mən müvəqqəti olaraq öz vəzifəmi tərk etmək istəyirəm, lakin sizinlə yenidən görüşəcəyəm”.

Bununla yanaşı, iclasda MOKA-nın yeni vitse-prezidenti vəzifəsinə Okeaniya Ölkələri Olimpiya Komitələri Assosiasiyasının prezidenti Robin Mitçelin namizədliyi təsdiq olunub. O, həmçinin müvəqqəti olaraq MOKA prezidentinin səlahiyyətlərini icra edəcək.

Xəbər 1164 dəfə oxundu.