Masallıda yunan-Roma güləşi üzrə XXIV Respublika turnirinə yekun vurulub
Masallı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası, Masallı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar məşqçi, SSRİ-nin idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə XXIV ənənəvi Respublika turnirinə yekun vurulub.

İki gün davam edən turnirdə Uşaq Gənclər İdman məktəblərini, idman cəmiyyətlərini və klubları təmsil edən 30-a yaxın komandanın 300-dən çox idmançısı qələbə uğrunda mübarizə aparıb.
Qaliblərə diplom, medal və pul mükafatı təqdim edilib.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse-prezidenti Rasim Məmmədov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, rayon icra hakimiyyətinin ictimai-siyasi məsələlər və humanitar şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev Masallıda yunan-Roma güləşinin inkişafında Nadir Ağayevin xidmətlərindən danışıb, onun xatirəsinə həsr olunan turnirin artıq ənənəyə çevrildiyini bildiriblər.

Qeyd olunub ki, belə yarışlar istedadlı yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Çıxış edənlər ölkəmizdə idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və idmançılara göstərilən dövlət qayğısından söz açaraq, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurları bu qayğının nəticəsi kimi dəyərləndiriblər.

Xəbər 760 dəfə oxundu.