Azərbaycan Gimnastika Federasiyası “Könüllülər Proqramı-2019” layihəsinə qəbul elan edir
Azərbaycan Gimnastika Federasiyası (AGF) gələn il Bakıda keçiriləcək beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün “Könüllülər Proqramı-2019” layihəsinə qəbul elan edir.

AGF-dən bildiriblər ki, layihədə könüllülər üçün gimnastika yarışlarının təşkili, turnirlərin keçirilmə qaydası və müxtəlif təşkilati məsələlərlə bağlı təlim, seminar və görüşlər təşkil olunacaq. Layihə iştirakçıları federasiyanın təşkil etdiyi yerli və beynəlxalq yarışlarda könüllü kimi çalışaraq dil biliklərini təkmilləşdirəcək, idman yarışlarının təşkili və digər sahələrdə təcrübə qazanacaqlar.

Layihənin əsas məqsədi Azərbaycanda könüllü fəaliyyətinin təşviq olunması, gənclərin yeni bilik və təcrübə qazanmasına dəstək olmaqdır. Könüllülər yarışlarda iştirak edəcək xarici nümayəndə heyətlərini müşayiət etmək, tibbi xidmət, akkreditasiya, yarışların təşkili, katiblik, mükafatlandırma mərasimi, tamaşaçılar xidməti, mətbuat xidməti və digər sahələr üzrə fəaliyyət göstərəcəklər.

Könüllülər 2019-cu ildə paytaxtımızda keçiriləcək batut gimnastikası və tamblinq (16-17 fevral), idman gimnastikası (14-17 mart) və bədii gimnastika (26-28 aprel) üzrə dünya kubokları, həmçinin bədii gimnastika (16-19 may) və aerobika (24-26 may) üzrə Avropa çempionatları, o cümlədən bədii gimnastika üzrə dünya çempionatında (16-22 sentyabr), bunlarla yanaşı milli yarışlarda da iştirak etmək şansı qazanacaqlar.

“Könüllülər Proqramı-2019” layihəsinə qəbul dekabrın 5-dək davam edəcək.

Xəbər 873 dəfə oxundu.