Güllə atıcılığı üzrə Bərdə rayon birinciliyinin qalibləri məlum olub
Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə Qarakənd kəndi üzərində içərisində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin olduğu vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində baş vermiş faciə qurbanlarının xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə məktəblilərin VIII ənənəvi rayon birinciliyi keçirilib.

Gənclər və idman idarəsinin təhsil şöbəsi ilə birgə təşkil etdiyi birincilikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.

Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov Qarakənd faciəsi haqqında məlumat verib. Bildirib ki, yarışın keçirilməsində əsas məqsəd faciə qurbanlarının xatirəsini bir daha yad etmək, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdir.

Bərdə Rayon Təhsil Şöbəsinin əməkdaşı İsa Abbasov gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb və yarış barədə komandalara ətraflı məlumat verib.

Hər komandada 2 oğlan və 2 qızın iştirak etdiyi yarışda şagirdlər pnevmatik tüfəngdən 6 metr məsafəyə atəş açıblar. Daha yaxşı nəticə göstərən Yeni Daşkənd kənd, şəhər 2 nömrəli və Xanqaraqoyunlu kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər. Oğlanlar arasında Bərdə şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Səməd Məmmədov, qızlar arasında isə Yeni Daşkənd kənd tam orta məktəbin şagirdi Rəna Əkbərzadə daha çox bal toplayıblar.

Qalib komandalar və yüksək nəticə əldə edən şagirdlər gənclər və idman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.

Xəbər 761 dəfə oxundu.