“İnkişaf Naminə İdman” jurnalistləri bir araya gətirəcək
“İnkişaf Naminə İdman” İctimai Birliyi ölkəmizdə beynəlxalq İdman Həyəcanı İrsinin 2 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirəcək. İdman.com.az saytının məlumatına görə, toplantıya Böyük Britaniya Birləşmiş Krallığından dəvət olunmuş mötəbər qonaqlar da qatılacaq. Onların arasında dünya şöhrətli atlet Kolin Jekson və İngiltərə Futbol Assosiasiyasının sabiq icraçı direktoru, tanınmış idman jurnalisti Devid Devis, həmçinin “Beynəlxalq İdman Həyəcanı” proqramının regional rəhbəri Elayas Musanqeya da var.

Tədbirlər çərçivəsində aprelin 23-də müxtəlif KİV qurumlarını təmsil edən idman jurnalistləri üçün birgünlük seminar keçiriləcək. D.Devisin aparacağı bu seminar Milli Olimpiya Komitəsinin konfrans zalında olacaq.

“bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə təşkil olunacaq seminarın əsas məqsədi böyük idman tədbirlərinin, o cümlədən, olimpiya və paralimpiya oyunlarının daha maraqlı və yaradıcı işıqlandırılması üçün Britaniya təcrübəsini bölüşmək və jurnalistlər arasında məlumat mübadiləsi üçün şərait yaratmaqdır.
Seminar Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 2769 dəfə oxundu.