Bakıda akrobatika üzrə dünya kuboku yarışları keçirildi
Noyabrın 17-də Bakıda, Milli Gimnastika Arenasında akrobatika üzrə ilk dəfə dünya kuboku yarışları keçirildi.

Həmin gün baş tutan açılış mərasimdə əvvəlcə iştirakçı ölkələrin paradı oldu və Azərbaycanın dövlət himni səsləndirildi. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dünyanın ən güclü gimnastlarının paytaxtımızda mübarizəyə qoşulmalarından məmnunluğunu bildirdi: “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamız hər bir tədbiri, o cümlədən mötəbər idman yarışlarını yüksək səviyyədə keçirməyə qadirdir. İlk Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına, eləcə də Ümumdünya Şahmat Olimpiadasına, Formula 1 yarışlarına, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarına, digər beynəlxalq turnirlərə ölkəmiz yüksək səviyyədə ev sahibliyi edib. Bakı, həmçinin 2019-cu ildə Avropa Gənclərinin Yay Olimpiya Festivalına və futbol üzrə Avropa çempionatının final matçına ev sahibliyi edəcək”.

İ.İsmayılov 2002-ci ildə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaradıldığını vurğuladı: ”Bu gün gimnastlarımız dünya və Avropa çempionatlarında, Dünya Kuboku və Qran-pri yarışlarında artıq dünyanın ən öndə gedən gimnastlarının əsas rəqiblərinə çevriliblər. Bu mötəbər yarışın keçirilməsində Azərbaycana etimad göstərmiş Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, iki gün davam edən yarışlarda 2003-cü il təvəllüdlü və daha yuxarı yaşlı gimnastlar kişi və qadın cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qruplarının tərkibində mübarizə apardılar. Turnirdə Azərbaycan gimnastları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna atletləri də iştirak etdilər. Ölkəmizi kubok yarışlarında sonuncu Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı, Ağasif Rəhimov – Nurcan Cabbarlı təmsil etdilər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkbərov ən yaxşı yerlər uğrunda mübarizə apardılar.

Yarışın birinci günündə çoxnövçülük üzrə yarışlarda gimnastlar arasında ən güclüləri müəyyənləşdi. Belə ki, kişi cütlüklərinin mübarizəsində Rusiyalı gimnastlar qızıl və gümüş medal qazandılar. Timofel İvanov və Maksim Karavayev cütlükləri 57.700 xalla qızıl medal, Aleksandr Şubin və Mixail Vikrov cütlükləri isə hakimlərdən 56.021 xalla gümüş medal aldılar. Bürünc medalı Qazaxıstan təmsilçiləri (55.614 xal) götürdü. Azərbaycan gimnastları Seymur Cəfərov – Murad Əkbərov hakimlərdən 55.182 xal toplayaraq 4-cü pillədə qərarlaşdılar. Qadın cütlüklərinin mübarizəsində Rusiya təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Ukrayna qadın cütlükləri ikinci oldu. Kişi qruplarının mübarizəsində mükafata layiq yerlərin hamısı Rusiyalı gimnastlara nəsib oldu. Qarışıq cütlüklərin mübarizəsində Azərbaycan gimnastları Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı uğurla çıxış etdilər. Təmsilçilərimiz hakimlərdən 58.118 xal topladı və gümüş medala sahib oldular. Rusiya gimnastları öz üstünlüklərini yenə qoruyaraq, birinci yeri tutdular. Viktoriya Aksenova və Kiril Startsev cütlükləri bütün rəqiblərini qabaqlayaraq, hakimlərdən 58.751 xal topladılar. Bürünc medalı Qazaxıstan idmançıları (Nikita Amoskin-Anastasiya Dolqanyuk, 57.799 xal) qazandılar. Təsnifat yarışlarında Rusiya təmsilçiləri 1-ci və 3-cü yerləri tutdular. Qazaxıstan komandası (28.112 xal) ikinci yerə sahib oldu. Azərbaycan təmsilçiləri isə hakimlərdən 26.580 xal toplayaraq, yarışı 5-ci pillədə başa vurdular.

Yarışın sonuncu günündə 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə apardılar. Akrobatika gimnastikası üzrə Dünya Kubokunda kişi cütlükləri tərkibində çıxış edən Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov (28,600 bal) gümüş medal qazandılar. Qızıl medalı rusiyalı gimnastlar Timofey İvanov və Maksim Karavayev (29,182 bal), bürünc medalı isə qazaxıstanlı idmançılar Daniel Dil və Vadim Şulyar (28,583 bal) əldə etdilər. Qadın cütlüklərinin mübarizəsində Rusiya komandası 29.900 xalla bu dəfə də liderliyini qoruyub saxlaya bildi. Belarusiya (29.066 xal) və Hindistan (28.200 xal) komandaları müvafiq olaraq gümüş və bürünc medallara sahib oldular.

Qeyd edək ki, “AGF Trophy” mükafatı ən yüksək icra xalını toplamış rusiyalı gimnast cütlük - Timofey İvanova və Maksim Karavayevə təqdim olundu. Mükafatı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev təqdim etdi.


Xəbər 825 dəfə oxundu.