UEFA nümayəndələrinin Bakıya tanışlıq xarakterli səfəri olub
2019-cu il mayın 29-da Bakıda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin paytaxtımıza mütəmadi səfərləri davam edir.

Final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçilərinin oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu, həmçinin final matçı ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanları ilə tanışlıq məqsədilə paytaxtımıza səfərdə olublar.

Səfər çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə UEFA Avropa Liqasının layihə meneceri Andreas Şar, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev çıxış ediblər.

Sonra tədbir iştirakçıları Bakı Olimpiya Stadionunun ərazisinə tanışlıq xarakterli baxış keçiriblər.

Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olublar.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər 882 dəfə oxundu.