Həmyerlimiz İslam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq
Noyabrın 14-15-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 28-ci iclası keçirilib.

Milli Olimpiya Komitəsindən bildiriblər ki, iclasda Azərbaycandan İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin ilk xanım üzvü və İstanbulda keçiriləcək növbəti İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının üzvü Könül Nurullayeva iştirak edib.

İHİF-in Qadın və İdman Komitəsinin rəhbəri Könül Nurullayeva çıxışında gender bərabərliyi ilə bağlı aktual məsələlərə toxunub, bu istiqamətdə araşdırmalar aparıb ciddi addımlar atmağın vacibliyini qeyd edib.

İlk dəfə olaraq Könül Nurullayeva tərəfindən idmanda qadın siyasətinin həyata keçirilməsində gender məsələləri üzrə İslam ölkələrinin məsul şəxslərinin iştirakı ilə konfransın təşkili və daha iki layihə İcraiyyə Komitəsinə təqdim olunub. İcraiyyə Komitəsi layihələri dəyərləndirib və 2019-cu ildə icrası ilə bağlı razılıq verib.

Eyni zamanda, tədbir zamanı Banqladeşdə keçirilən İHİF-in ikinci kamandan oxatma, cari ilin iyulunda Bakıda təşkil edilmiş ikinci tennis çempionatlarının hesabatları, İstanbulda keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarının hazırlıq mərhələsi, 2019-cu ildən etibarən Səudiyyə Ərəbistanında keçiriləcək Gənclərin Birinci İslam Həmrəyliyi Oyunlarının hazırlıq hesabatı, Milli Olimpiya Komitələri arasında imzalanacaq anlaşma memorandumları və s. mövzular müzakirə olunub.

Xəbər 1179 dəfə oxundu.