Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib
Noyabrın 15-də Azərbaycanın futbol veteranı Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.

"Bayıl Arena"da baş tutan oyun Azərbaycan futbol veteranlarından təşkil olunmuş "Veteranlar" komandası ilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birgə çıxış etmiş əcnəbi veteran oyunçulardan ibarət "Dostlar" kollektivi üz-üzə gəlib.

V.Qasımov ilk hissədə "Veteranlar", fasilədən sonra isə "Dostlar" komandasının heyətində yer alıb. Hər hissəsi 25 dəqiqədən ibarət olan matç 5:5 hesabı ilə başa çatıb. V.Qasımov hər iki komandanın heyətində fərqlənib.

Oyundan sonra Vəli Qasımov media nümayəndələrinə açıqlama verərək deyib: “Mənə dəstək olduqları üçün AFFA-ya minnətdarlığımı bildirirəm. Gözəl gün yaşadıq. Rusiya, Portuqaliya və İspaniyadan gələn dostlarıma da təşəkkürümü bildirirəm”.

V.Qasımov UEFA Avropa Liqasının final matçının səfiri olmasından qürur duyduğunu bildirib: "Avropa Liqasının finalının Bakıda keçirilməsi çox yaxşı haldır. Fəxr edirəm ki, final matçının səfiriyəm”.

Xəbər 825 dəfə oxundu.