Azərbaycan ilə Türkiyə arasında idman sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə noyabrın 15-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

MOK-dan bildiriblər ki, görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və MOK baş katibinin müavini Azər Əliyev iştirak ediblər.

MOK ilə qardaş ölkənin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi arasında sıx əlaqələrin olduğunu vurğulayan Ç.Hüseynzadə bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib. Komitənin fəaliyyəti və uğurları barədə qonaqlara ətraflı məlumat verən vitse-prezident deyib ki, Olimpiya Oyunlarında nəticələrini daha da yaxşılaşdıran Azərbaycan milli komandası sonuncu – Rio Olimpiadasında 18 medal, o cümlədən 1 qızıl, 7 gümüş və 10 bürünc qazanıb. Bu, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir.

Nazir Mehmet Muharrem Kasapoğlu Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlərdə əməkdaşlığın sürətli inkişafının idman sahəsində də müşahidə edildiyini vurğulayıb. Qonaq ölkələrimiz arasında idman və gənclər sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Türkiyəli nazir Bakının ötən il IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıraraq, növbəti – V İslamiadanın İstanbulda təşkil olunacağını bildirib. Qeyd edilib ki, bu, türk dünyasında idmanın inkişafda olduğunu və ona marağın artdığını bir daha göstərir.

Söhbət zamanı müvafiq qurumlar arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

Xəbər 1323 dəfə oxundu.