Binəqədi rayonunda şahmat üzrə yarışlar yekunlaşıb
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” çərçivəsində noyabrın 5-6-da “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində şahmat idman növü üzrə rayondaxili mərhələ keçirilib.

Yarışda rayonun 32 orta ümumtəhsil müəssisəsi iştirak edib. Yarışın nəticəsinə görə, birinci yerə 283 №-li tam orta məktəbin komandası, ikinciyə 244 №-li tam orta məktəbin komandası, üçüncüyə 83 №-li məktəb-liseyin komandası layiq görülüb.

Qaliblərin mükafatlandırılması mərasimində "Təhsil" Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor əvəzi Aydın Gözəlov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Rüfət Əhmədov və Rafiq Nəsirov, idman müəllimləri iştirak edib.

Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sahəsində ümumtəhsil məktəblərinin fəaliyyətlərini qiymətləndirmək, məktəblilərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək, idman növü üzrə qalib məktəblərin idmançılarının adiyyəti beynəlxalq yarışlarda iştirakını təşkil etməkdir.


Xəbər 794 dəfə oxundu.