Batutçularımız dünya çempionatında çıxışlarını yekunlaşdırıblar
Sankt-Peterburqda batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 33-cü dünya çempionatı keçirilib.

Dünyanın 34 ölkəsindən 250-dən çox gimnastın iştirakı ilə keçən çempionatda Azərbaycan komandası da təmsil olunub. Yarışlara ilk öncə batutçuların fərdi proqramda çıxışları ilə start verilib. Bu növdə təmsilçilərimizdən İlya Qrişunin zədələnərək final mərhələsindən uzaq qalıb və bu səbəbdən gimnastımız sinxron proqramda da iştirak edə bilməyib. Fərdi çıxışlarda kişilər arasında digər təmsilçimiz Ruslan Ağamirov və qadın batutçumuz Veronika Zemlyana isə çempionatı 54-cü olaraq başa vurublar.

Tamblinq üzrə yarışlarda isə ölkəmizi millimizin üzvü, 2018-ci ilin Avropa çempionu Mixail Malkin təmsil edib. Gimnastımız çıxışlarına yaxşı başlasa da, ani səhvi ilə ondan medal gözləyən hər kəsi məyus edib. Belə ki, Mixailin səhvə görə yüksək cərimə xalı alması onu sıralamada 25-ci edib.

Qeyd edək ki, dünya çempionatının ardınca Sankt-Peterburq şəhərində Dünya Yaş Qrupu Yarışları start götürəcək.

Xəbər 821 dəfə oxundu.