Aşihara karateçilərimizin dünya çempionatında 8 medal qazanması Azərbaycanda idmana göstərilən yüksək diqqətin göstəricisidir
Qazaxıstanın Aktau şəhərində keçirilən aşihara karate üzrə dünya çempionatında Azərbaycan milli komandası uğurla çıxış edib. İyirmiyədək ölkədən 300-dən çox idmançının iştirak etdiyi çempionata 11 karateçi ilə qatılan komandamız yarışları 8 medalla başa vurub. Medalların 2-si qızıl, 5-i gümüş, 1-i isə bürüncdür.

Bu barədə Azərbaycan milli komandasının dünya çempionatındakı uğurlu çıxışı ilə əlaqədar noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında çıxış edən Azərbaycan Aşihara Karate Əlbəyaxa Döyüş Federasiyasının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi, 5-ci Dan qara kəmər ustası Maarif Bağırov bildirib ki, qızıl medalları komandamızın aktivinə Musa Musazadə və Rauf Hüseynov yazdırıblar. Rüfət Vəliyev, Fərman Rəhimov, Fəyyaz Əhmədov, Bahadır Şirinzadə, Natiq Qafarov gümüş, Ümid Verdiyev isə bürünc medallara sahib olublar.

İdmançılarımızın çempionatdakı nəticələrindən razı qaldığını bildirən federasiya prezidenti karateçilərimizin növbəti yarışlarda da inamlı çıxışları ilə göstərilən etimadı layiqincə doğruldacaqlarına əminliyini ifadə edib.

Federasiyanın fəaliyyəti barədə məlumat verən M.Bağırov qeyd edib ki, qurum 1998-ci ildə yaradılıb. Milli komandamız 2002-ci ildən dünya çempionatlarında iştirak edir. İdmanın bu növü ölkəmizdə sürətlə inkişaf edir. Məhz bunun nəticəsidir ki, əldə olunan uğurlar ildən-ilə artır. Hazırda Azərbaycanın 20 şəhər və rayonunda idmanın bu növü üzrə bölmələr fəaliyyət göstərir.

Azərbaycan Aşihara Karate Əlbəyaxa Döyüş Federasiyasının vitse-prezidentləri Vüsal Məmmədov və Umud Mirzəyev çıxışlarında Aktaudakı dünya çempionatında qazanılan nailiyyətin Azərbaycanda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulayıblar. Qeyd olunub ki, federasiyanın rəhbərliyi ölkəmizdə idmanın bu növünün kütləviləşməsi istiqamətində ardıcıl addımlar atır, idmançıların öz ustalıqlarını artırmaları üçün hər cür şərait yaradır.

Bildirilib ki, çempionat çərçivəsində federasiya rəhbərliyinin Dünya Aşihara Karate Assosiasiyasının prezidenti Kanco Aşihara ilə görüşündə Azərbaycanda bu döyüş sənətinin inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.

İdmançılar çıxışlarında dünya çempionatında uğur qazanaraq Azərbaycanın dövlət bayrağını dalğalandırdıqlarını, ölkəmizin idman şərəfini layiqincə qoruduqları üçün qürur hissi duyduqlarını bildiriblər. Karateçilər göstərilən etimadı doğrultmaq üçün qarşıdakı yarışlarda da uğur qazanmağa çalışacaqlarını deyiblər.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, aşihara karate idmanı 1972-ci ildə Hideyuki Aşihara tərəfindən yaradılıb. O, həm cüdo, həm də karate ilə məşğul olduqdan sonra bu idman növünün əsasını qoyub. Bu peşəkar idman növündə mövcud olan fəndlər təkcə yarış meydanlarında deyil, əlbəyaxa döyüş sənətində də kompleks şəkildə istifadə edilir.

Xəbər 854 dəfə oxundu.