Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb
Azərbaycan Stolüstü Tennis Federasiyasının və Gənclər və İdman Nazirliyinin təqvim idman planına uyğun olaraq, 2007-ci il və daha kiçik təvəllüdlü uşaqlar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib.

Stolüstü Tennis Federasiyasından bildiriblər ki, Konstitusiya Gününə həsr olunmuş turnirdə respublikanın bütün regionlarından 70-ə yaxın idmançı mübarizə aparıb.

Noyabrın 9-da turnirin bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən federasiyanın vitse-prezidenti Səbuhi Mehdizadə idmançılara təbriklərini çatdırıb.

Qızların yarışında birinci yeri Mehriban Dadaşova, ikinci yeri Arzu Aslanova, üçüncü yerləri isə Fatimə Cəfərova və Zeynəb Süleymanova tutublar.

Oğlanların yarışında isə Hüseyn Eylazov çempion adını qazanıb. Adil Əhmədzadə turniri ikinci pillədə tamamlayıb. Toğrul Məhəmmədov və Kənan Məmmədov isə üçüncü yerlə kifayətləniblər.

Qaliblərə və onların məşqçilərinə federasiyanın kuboku, medalları və mükafatları təqdim olunub.

Xəbər 960 dəfə oxundu.