Masallıda məktəblilər arasında atletika üzrə rayon birinciliyi başa çatıb
Masallı Rayon Gənclər və İdman İdarəsi, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı Olimpiya Kompleksində məktəblilər arasında atletika üzrə rayon birinciliyi başa çatıb.

İki gün davam edən yarışda rayonun 55 ümumtəhsil məktəbinin 300-dən çox şagirdi qələbə uğrunda mübarizə aparıb.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafından, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışaraq, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurları ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib.

Yarışın yekununa əsasən, Mahmudavar kənd ümumi orta məktəbinin komandası birinci, Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin komandası ikinci, Xırmandalı kənd tam orta məktəbinin komandası üçüncü yerə layiq görülüblər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının diplomları təqdim olunub.

Xəbər 783 dəfə oxundu.