Bədii gimnastika üzrə 25-ci Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 25-ci Bakı çempionatına yekun vurulub. Çempionatda “Ocaq” İdman Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı, AyUlduz Klubu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Sərhədçi” Olimpiya İdman Mərkəzi və Zabrat İdman Klubunun yetirmələri iştirak ediblər.

İki gün davam edən turnirdə 100-dək gimnast qüvvəsini sınayıb. Yarışların ilk günü məhz balaca gimnastların çıxışları ilə əlamətdar olub. Belə ki, azyaşlı gimnastlar alətsiz, ip, halqa ilə öz proqramlarını təqdim ediblər və günün sonunda onlar fərdi çoxnövçülükdə öz aralarında qalibləri müəyyənləşdiriblər. 8 yaşlı gimnastların ip, alətsiz, halqa ilə çıxışında Ayan Hüseynzadə (AyUlduz Klubu ) 22.500 xalla birinci yeri tutub. Nəzrin Abdullayeva (AyUlduz Klubu ) 22.100 xalla gümüş, Şəms Ağahüseynova (Su İdman Sarayı) 21.400 xalla bürünc medal qazanıblar. Həmin yaş kateqoriyasında alətsiz, ip, halqa yarışlarında qalib adını “Ocaq” İdman Klubunun yetirmələri sahib olublar. Nəzrin Salmanlı hakimlərdən 33.700 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlahə Bahadırova 33.150 xalla ikinci, Təzəgül Yaqubova 27.550 xalla üçüncü yerə layiq görülüblər.

9 yaşlıların alətsiz, ip, halqa ilə mübarizəsində birinciliyi Dəniz Mürsəlli (Bakı Gimnastika Məktəbi) 22.100 xalla qazanıb. Digər mükafatalayiq yerləri müvafiq olaraq Elmira Ələkbərova (Su İdman Sarayı, 16.050 xal) və Ləman Rüstəmova (Su İdman Sarayı, 15.950 xal) tutublar. Həmin yaş kateqoriyasında alətsiz, ip, halqa ilə mübarizəsində birincilik Gövhər İbrahimova nəsib olub. Ocaq Sport Klubunun yetirməsi rəqiblərini qabaqlayaraq hakimlərdən 38.700 xal qazanıb. 2-ci və 3-cü yerlərə müvafiq olaraq Ləman Abdullayeva (“Ocaq” İdman Klubu, 36.100 xalla) və Zəhra Qarayeva (Ocaq Sport Klubu, 32.700 xalla) sahib olublar.

10 yaşlıların alətsiz, ip, halqa ilə mübarizəsində yenə “Ocaq” İdman Klubunun yetirməsi fərqlənib. Nərminə Bayramova 36.800 xalla bütün rəqiblərindən üstün olub. Tahirə Tağıyeva (“Ocaq” İdman Klubu, 30.600 xal) və Mədinə Aslanova (Respublika Kompleks İdman Məktəbi, 30.400 xal ) isə ikinci və üçüncü yerləri bölüşüblər.

Növbəti yarış gününə isə yeniyetmələr start veriblər. Onlar da hakimlər qarşısına alətsiz, ip və halqa ilə çıxaraq, yüksək xal almaq üçün mübarizə aparıblar. Gənclər və böyüklər yaş kateqoriyasına bölünmüş gimnastlar isə halqa, top, gürzlər və lent ilə proqramlarını icra ediblər. Böyüklərin mübarizəsində ən güclü gimnast adına Darya Sorokina (“Ocaq” İdman Klubu, 69.000 xal) layiq görülüb. Gümüş və bürünc medalları Zöhrə Ağamirova (“Ocaq” İdman Klubu, 63.000 xal) və Veronika Qudis (“Ocaq” İdman Klubu, 58.750 xal) qazanıblar.

Gənclərin lent, top, gürzlər və halqalarla mübarizəsində Məryəm Səfərova (“Ocaq” İdman Klubu, 58.500 xal) qızıl medala layiq görülüb. İkinci yer Fatimə Əkbərovaya (“Ocaq” İdman Klubu, 56.400 xal), üçüncü yer Elnarə Cabbarovaya (Respublika Kompleks İdman Məktəbi, 42.100 xal) nəsib olub.

Yeniyetmələrin alətsiz, ip və halqa ilə mübarizəsində birinciliyə Kamilla Seyidzadə (“Ocaq” İdman Klubu, 40.400 xal) layiq görülüb. Zəhra Paşayeva (“Ocaq” İdman Klubu, 39.900 xal) ikinci, Nigar Usubova (“Ocaq” İdman Klubu, 39.350 xal) üçüncü yeri tutublar. Yeniyetmələrin digər yarışında Cahan Əsədova (Respublika Kompleks İdman Məktəbi) 30.600 xalla bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb. Gümüş medala Cəmilə Cabbarova (“Ocaq” İdman Klubu, 28.800 xal) sahib olub. Respublika Kompleks İdman Məktəbinin təmsilçisi Ləman Əhmədli 28.000 xalla bürünc medala layiq görülüb.

Xəbər 2135 dəfə oxundu.