İdmançılarımız əlil arabasında qılıncoynatma üzrə dünya kubokunda yarışacaqlar
Noyabrın 1-də Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə əlil arabasında qılıncoynatma idman növü üzrə millimizin baş məşqçisi və idmançıların iştirakı ilə iclas keçirilib.

Komitədən bildiriblər ki, iclasda əlil arabasında qılıncoynatma idman növü üzrə milli komandamızın baş məşqçisi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov noyabrın 8-11-də Tbilisidə keçiriləcək dünya kuboku yarışlarına və 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məlumat verib.

Sonra şəxsi məşqçilər və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, idmançılarımız noyabrın 8-11-də Tbilisidə keçiriləcək dünya kuboku yarışlarında Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının dəstəyi ilə çıxış edəcək.

Xəbər 897 dəfə oxundu.