Ordubadda ekstremal yürüş üzrə birinciliyin qalibləri müəyyənləşib
Ordubad rayonunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən yeniyetmə və gənclər arasında ekstremal yürüş üzrə rayon birinciliyi başa çatıb.

Yürüşdə 100 nəfər iştirak edib və idmançılar Kotam kənd yolundan İnternat tam orta məktəbinədək 3 kilometr məsafəni qət ediblər. Gərgin keçən yarışın yekun nəticələrinə görə, oğlanlar arasında Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin şagirdi Ayhan Tağızadə birinci, şəhər internat tam orta məktəbinin şagirdləri Əli Əliyev ikinci, Vüqar İmanov isə üçüncü olub.

Yürüşə qatılan qızlar arasında isə Ordubad şəhər 3 saylı tam orta məktəbin şagirdləri Duyğu Əsədova birinci, Könül Kərimli ikinci, Gülçin Qasımova üçüncü yeri tutub.

Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, yarış Ordubad Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Hava və Ekstremal İdman növləri Federasiyasının Ordubad rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.

Xəbər 840 dəfə oxundu.