Azad Rəhimov Küveytin KİV nümayəndələri ilə görüşüb
Aprelin 19-da Küveytin dövlət komitəsində Gənclər və idman naziri Azad Rəhimov və Küveyt Dövlətinin Gənclər və İdman Dövlət Komitəsinin Sədri, general Feysal Əl Cəzzaf arasında geniş müzakirələr aparıldı. Daha sonra A.Rəhimov və general F.Cəzzafın iştirakı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirildi.

Mətbuat konfransında çıxış edən Azad Rəhimov Küveytə səfəri zamanı buradakı idman kompleksləri, müxtəlif idman federasiyalarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanının yarandığını, həmçinin, Küveytli həmkarı ilə iki ölkə arasında böyüməkdə olan qarşılıqlı əməkdaşlığın daha da sürətli inkişaf perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırdı. Bununla yanaşı, nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və gənclər siyasətinə xüsusi önəm verdiyini bildirərək, son illər ərzində Azərbaycanda istifadəyə verilən çoxsaylı idman komplekslərinin geniş infrastrukturu haqqında məlumat verdi. Azad Rəhimov KİV nümayəndələrinə məhz bu böyük potensiala əsaslanaraq, Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürdüyünü bildirdi.

Öz növbəsində, general Feysal Əl Cəzzaf 2010-cu ildə Azərbaycana rəsmi səfəri zamanı burada gənclər və idman sahələrinə dövlət səviyyəsində göstərilən diqqətin əyani şahidi olduğunu söylədi. Küveyt gənclər təşkilatının üzvlərinin Azərbaycana səfər etdiklərini, Küveytin ən böyük karate və uşu idman növləri üzrə klubları üçün 2010-11-ci illərdə Bakı şəhərində təlim-məşq toplantılarının keçirildiyini və bununla yanaşı, Azərbaycana gələn Küveyt idmançılarının istirahəti üçün də münasib şəraitinin yaradıldığını bildirdi. Habelə, F.Cəzzaf ölkəmizin mülayim iqlimindən, füsünkar təbiətindən və idmançıların məşqləri üçün yaradılan münbit şəraitdən də söz açaraq, Azərbaycana səfəri zamanı xalqımızın böyük qonaqpərvər xüsusiyyətlərinin əyani şahidi olduğuna diqqətə çatdırdı.

Söhbət əsnasında, hər iki tərəf Azərbaycanın “İrəli” İctimai Birliyinin Küveyt və ümumiyyətlə, Yaxın Şərq regionunda aparıcı gənclər təşkilatı sayılan “LoYAC-Lothan Youth Achievement Center”lə artıq imzaladığı (2010-cu il aprel ayının 16-da) “Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusi vurğulayaraq, sözügedən iki qurum arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini qeyd etdilər.

Elə həmin gün Azad Rəhimov Küveytin Skvoş Federasiyası və Atıclıq poliqonu ilə tanış oldu.

İki gün davam edəcək səfər çərçivəsində Azad Rəhimovun Küveytin müxtəlif idman növləri federasiyalarının rəhbərləri ilə görüşləri, həmçinin, “Ərəb Klubu” üzgüçülük və “Bayan” nümunəvi idman kompleksləri ilə tanışlığı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov Küveyt Dövlətinin Gənclər və İdman Dövlət Komitəsinin Sədri, general Feysal Əl Cəzzafın dəvəti ilə 18 aprel tarixində Əl-Küveyt şəhərinə rəsmi səfərə gedib.

Səfər iki ölkə arasında 2010-cu il aprel ayının 16-da Bakı şəhərində imzalanan “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş”i və 2011-ci il yanvar ayının 10-da Əl-Küveyt şəhərində bağlanan “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın birinci iclasının Protokolu” əsasında həyata keçirilir.

Xəbər 1717 dəfə oxundu.