Çempionlar vətənə döndülər!
Cəbrayıl Həsənov: Çox sevinirəm ki qarşıya qoyulan məqsədə nail oldum
Xetaq Qazyumov: 3 qat Avropa çempionu olduğum üçün çox xoşbəxtəm


Almaniyanın Dortmund şəhərində keçirilən güləş üzrə Avropa çempionatında çıxışını başa vurmuş sərbəst güləş üzrə yığma komandamız bu gün vətənə dönüb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komanda üzvlərini mətbuat nümayəndələri və güləş həvəskarları böyük çoşğu ilə qarşılayıblar. Xatırladaq ki, sərbəst güləşçilərimizdən 66 kq-da yarışan Cəbrayıl Həsənov ardıcıl 2-ci, 96 kq-da çıxış edən Xetaq Qazyumov isə dalbadal 3-cü dəfə Avropanın ən güclüsü adını qazanıb.
Pəhləvanlarımızın Avropa çempionatı ilə bağlı fikirləri belə olub. Cəbrayıl Həsənov: Almaniyaya çempion olmaq üçün yollanmışdım və çox sevinirəm ki qarşıya qoyulan məqsədə nail oldum. İndi əsas məqsədim qarşıdakı turnirlərdə və ən əsası sentyabrda İstanbulda keçiriləcək lisenziya xarakterli dünya çempionatında uğurla çıxış edərək London yay olimpiya oyunlarına vəsiqə qazanmaqdır».
Xetaq Qazyumov: finaldakı rəqibim gənc olmasına rəğmən çox təhlükəli idi. Bu səbəbdən də rusiyalı güləşçi ilə qarşılaşmamı digərlərinə nisbətən daha çətin sayıram. Nə deyə bilərəm? 3 qat Avropa çempionu olduğum üçün çox xoşbəxtəm.
Xatırladaq ki yığma komandamızın digər üzvlərindən 55 kq-da Mahmud Məhəmmədov, 84-də Şərif Şərifov və 120 kq çəkidə Cəmaləddin Məhəmmədov Avropa çempionatının bürünc medalını əldə ediblər. Komanda hesabında Azərbaycan Rusiya yığmasından sonra 2-ci nəticə göstərib. Komandamızın baş məşqçisi, Olimpiya, dünya və Avropa çempionu Saypulla Absaidov ümumi nəticədən razıdır. Amma o bəzi çəkilərdəki idmançılardan daha yüksək nailliyyət gözlədiyini də gizlətmədi: «Biz ən azı ötənilki nəticəmizi təkrarlamağı, yəni 3 qızıl medal götürməyi planlaşdırmışdıq. Amma bəzi səhvlər 3-cü qızıl medalı qazanmağa imkan vermədi. Səhvləri müəyyənləşdirmişik və təbii ki onların aradan qaldırılması üzərində işləyəcəyik. 60 kq-la bağlı elə də böyük narahatlıq keçirmirik. Bu çəkidə Zəlimxan Hüseynov kimi təcrübəli güləşçimiz var. Medal qazana bilməsə belə gənc Toğrul Əsgərov da daim dəqqətimizdə olacaq. 74 kq-da da medalsız qaldıq və bu çəki ilə bağlı da qarşıdakı aylarla planlarımızı həyata keçirməyə çalışacağıq. İyulda Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-Pri turnirinin final mərhələsi keçiriləcək və bu yarışa qədər 74 kq-da gənc İbrahim Yusubovun üzərində xüsusi işləyəcəyik». Hər halda Qızıl Qran-Pri turnirinin final mərhələsi bizim üçün İstandulda keçiriləcək lisenziya xarakterli dünya çempionatı üçün son hazırlıq mərhələsi olacaq və 99% heyətimiz məhz iyulda müəyyənləşəcək». Yığma komandanın böyük məşqçisi Firdovsi Umudov isə Mahaçkalada keçirilən Dünya Kuboku ilə Dortmunddakı Avropa çempionatı arasında cəmi 1 həftə vaxt olduğundan hazırlıq planlarını da məhz buna əsasən qurduqlarını dedi: «İşlərimizi elə qurmuşduk ki, güləşçilərin psixoloji, fiziki və taktiki plandan çatışmazlıqları olmasın. Düşünürəm ki Avropa çempionatında əldə etdiyimiz nəticələr qənaətbəxşdir».

Xəbər 2254 dəfə oxundu.