Qubada “Qızlar futzal kuboku” turnirinin qalibi müəyyənləşib
Quba Olimpiya İdman Kompleksində UEFA-nın və AFFA-nın dəstəyi ilə 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib.

12 məktəb komandasının iştirak etdiyi yarışın qalibi Dağlı kənd orta məktəbin komandası olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Qırmızı qəsəbə 1 saylı orta məktəbin və Qaraçay kənd orta məktəbin komandaları tutublar.

Turnirdə ümumilikdə 103 məktəbli qız futzalçı yeni qeydiyyatdan keçib. Sonda hər üç komandaya diplomlar, medallar və kubok verilib. Qırmızı qəsəbə 1 saylı orta məktəbin şagirdi Ayşən Mirzəməmmədova turnirin ən yaxşı oyunçusu seçilib.

AFFA tərəfindən iştirakçı komandalar formalarla təmin olunublar.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd gələcəkdə qızlar arasında futzal liqasını təşkil etmək, həmçinin milli komandanı yaratmaqdır. Növbəti aylarda layihə daha 6 regionda reallaşdırılacaq.

Xəbər 1069 dəfə oxundu.