Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcək
Oktyabrın 27-də Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcək.

Iki gün davam edəcək doqquzuncu turun ilk qarşılaşması “Əlincə Arena”da oynanılacaq. Çempionatın debütantı “Sabah” “Zirə” klubunu qəbul edəcək.

Bu komandalar arasında ilk dövrədə oynanılan görüşdə debütant 2 cavabsız qolla qalib gəlib. “Sabah” hazırda 13 xalla 4-cü pillədə qərarlaşıb. “Zirə” isə 4 xalla sonuncu – 8-ci yerdədir. Vüqar Həsənlinin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Günün iki matçı isə “Dalğa Arena”da keçiriləcək “Sumqayıt” və “Qəbələ” kollektivləri qarşılaşacaqlar. Qonaqlar ötən tur doğma meydanda “Neftçi”ni 3:1 hesabı ilə məğlub etməklə, çempionatda uğursuzluğa son qoyublar. Bu komandaların ilk dövrədəki qarşılaşmasında heç-heçə qeydə alınıb - 1:1. “Sumqayıt” əvvəlki 25 çempionat oyununun 16-da “Qəbələ”yə uduzduğu halda, 2 dəfə qələbəyə sevinib. Sumqayıtlılar son 5 görüşdə qələbə qazanmayıb. “Sumqayıt” 10 xalla 5-ci, “Qəbələ” isə 8 xalla 6-cı pillədədir. Saat 18:00-da başlanacaq görüşün baş hakimi Orxan Məmmədov olacaq.

Turun iki qarşılaşması isə oktyabrın 28-də keçiriləcək. “Bayıl Arena”da saat 17:00-da başlayacaq oyunda “Keşlə” “Səbail”in qonağı olacaq. Qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. Bu komandaların ilk dövrədəki oyununda “dənizçilər” 2:1 hesabı ilə qalib gəlib. Bu klublar arasında çempionat oyunlarda tərəflər hərəyə 2 qələbə qazanmaqla yanaşı, bir matçda da heç-heçə ediblər. “Səbail” ötən tur “Qarabağ”a bir cavabsız qolla uduzsa da, əsasnamənin tələblərini pozan Ağdam klubuna texniki məğlubiyyət verilib. “Keşlə” isə cari mövsümdə ilk qələbəsini ötən həftə “Zirə”ni məğlub etməklə qazanıb

Turun son və mərkəzi qarşılaşması isə “Bakcell Arena”da oynanılacaq. “Neftçi” və “Qarabağ” komandaları üzə-üzə gələcəklər. Bu kollektivlərin ilk dövrədəki duelində 1:1 hesablı heç-heçə qeydə alınıb. Əvvəlki 73 çempionat oyunundan 19-da bakılılar, 27-də isə ağdamlılar qalib gəliblər. Buna rəğmən, Qurban Qurbanovun yetirmələri 3 oyundur rəqibini üstələyə bilmir. “Ağ-qaralar” isə ardıcıl 5 ev matçında qələbə qazanmır.

“Neftçi” 2013-cü ildə arıcıl 3-cü dəfə Premyer Liqanın qızıl medallarına sahib çıxandan sonra estafeti “Qarabağ”a verib. Lakin hazırda paytaxt komandası 19 xalla 1-ci pillədə qərarlaşıb. Son çempion isə 16 xalla 2-ci sıradadır. Son tur hər iki komanda üçün uğursuz alınıb. “Qarabağ” texniki məğlubiyyətə üzülübsə, “Neftçi” cari çempionatda ilk dəfə uduzub.

Xəbər 682 dəfə oxundu.