Çiqorin Memorialı yubiley şahmat festivalı Sankt-Peterburqda start götürəcək
Ənənəvi şahmat festivalı olan Mixail Çiqorin Memorialı oktyabr ayında Sankt-Peterburqda keçiriləcək. Sayca 25-ci dəfə təşkil olunacaq yarışma kişi şahmatçılar arasında Rusiya Kubokunun mərhələsi və dünyanın ən iri turnirlərindən biridir.

Yubiley festivalında dünyanın 20 ölkəsinin şahmatçıları, o cümlədən bir çox məşhur Kaissa ustaları mübarizə aparacaqlar. Yarışlarda hərəsi 3 dəfə Çiqorin Memorialının qalibləri olmuş qrossmeysterlər Sergey Volkov və Kirill Alekseyenko iştirak edəcəklər.

Çiqorin Memorialına, həmçinin FIDE versiyası üzrə dünya çempionu, beynəlxalq qrossmeyster Aleksandr Xalifman və vitse-çempion, beynəlxalq qrossmeyster Qata Kamski qatılacaqlar.

Sabah XXV şahmat festivalı Sankt-Peterburqda blits-turnirlə açılacaq. Əsas turnir olan Rusiya Kuboku mərhələsi İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Blitsdə 300 şahmatçı, o cümlədən 32 qrossmeyster mübarizə aparacaq. Azərbaycanlı şahmatçılar – beynəlxalq usta Kamal Ağasıyev, FIDE ustası Altay Eynullayev, həmçinin Vüsal Abbasov, Atilla Eynullayev, Fərid Mustafayev, Kamal İsfəndiyarlı, Emin Xəlilov və Fikrət Yusifzadə iştirakçıların siyahısındadırlar.

Çiqorin Memorialı oktyabrın 26-dan noyabrın 5-dək “Park Krestovski” otelində keçiriləcək.

Vaxta nəzarət - 90 dəqiqə üstəgəl ilk gedişdən başlayaraq hər bir gediş üçün 30 saniyədir.

Xəbər 1026 dəfə oxundu.