Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüş olub
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən komandanın təbliğatı üçün oktyabrın 25-də “Zəfər günləri” adlı tədbir təşkil edib.

Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, komitənin baş katibinin müavini Azər Əliyev və idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarından bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və atletlərimizin beynəlxalq arenada çıxışını yüksək qiymətləndirib. Qeyd edib ki, medal qazana bilməyən digər idmançılarımız da əzmkarlıqla mübarizə apardılar. Atletlərimiz və tennisçilərimiz də çox yaxşı çıxış etdilər. Bu dəfə qazanılan 7 medalın hər biri fərqli idman növü üzrədir. İndiyədək belə nəticə olmayıb. Bu məqam Azərbaycanda idmanın inkişafından, yüksək səviyyədə olmasından xəbər verir. “Gimnastımızın qarışıq komandanın tərkibində qızıl medal qazanmasını xüsusi qeyd edərdim. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Bütün idmansevərləri təbrik edirəm”, - deyə o əlavə edib.

Sonra “Buenos-Ayres-2018”də iştirak edən idmançılarımıza Olimpiya diplomları təqdim olunub.

Olimpiya komandamızın Olimpiadadakı çıxışından bəhs edən videoçarxın nümayişindən sonra “Buenos-Ayres-2018”in fəxri kürsüsündə yer alan idmançılara Olimpiya diplomu və xüsusi mükafat verilib.

Tədbir bədii hissə ilə davam edib.

On yeddi idmançı ilə Olimpiadaya yollanan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib. Beləliklə, Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.

Qeyd edək ki, “Bakı-2015” ilk Avropa Oyunları və “Bakı-2017” IV İslam Həmrəylik Oyunlarından sonra MOK artıq üçüncü dəfədir ki, “Zəfər günləri”ni təşkil edir.

Xəbər 807 dəfə oxundu.