AFFA-nın İntizam Komitəsinin iclası keçirilib
Oktyabrın 23-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycan Premyer Liqasının 8-ci turunda keçirilən oyunlarda futbolçuların qayda pozuntularına görə, cərimələrin tətbiq olunması məsələsinə baxılıb.

“Qarabağ”–“Səbail” matçında Ağdam təmsilçisinin heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak edib. Bu səbəbdən “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 8000 manat cərimələnib.

“Keşlə”–“Zirə” matçında zirəlilərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Sumqayıt”–“Sabah” matçında debütantın heyətində 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. Oyunun 15-ci dəqiqəsində sumqayıtlıların futbolçusu Vurğun Hüseynov kobud oyuna görə meydandan qovulub. Buna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə edilib.

“Qəbələ”–“Neftçi” matçının 67-ci dəqiqəsində meydan sahibi komandanın futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun, klub isə 200 manat cəzalanıb. Oyunun 64-cü dəqiqəsində “Qəbələ” və “Neftçi” klublarının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə edilib.

“Flaqman”nın azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan “Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq “Neftçi” klubu tərəfindən ödəniləcək.

İclasda, həmçinin I Divizionun VI turunda oynanılan bir neçə qarşılaşma ilə əlaqədar da həm futbolçulara, həm də komandalara cərimələr tətbiq olunub.

Xəbər 834 dəfə oxundu.