Azərbaycanın beş kikboksçusu Avropa çempionatının finalına yüksəlib
Hazırda Azərbaycan Kikboksinq Federasiyasının böyüklərdən ibarət yığma komandası Slovakiyanın Bratislava şəhərində keçirilən WAKO (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) versiyası üzrə Avropa çempionatında iştirak edir. İlk dəfədir ki, beş kikboksçumuz güclü rəqiblərini məğlub edərək finala qədər irəliləyib. Sabah final döyüşləri olacaq. Ümid edirik ki, idmançılarımız Vətənə qızıl medallarla qayıdacaqlar.

Bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

Azərbaycanı çempionatda 17 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir. İdmançılara dəstək olmaq üçün federasiya prezidenti və vitse-prezident Güloğlan Cabbarov da Bratislavaya yollanıblar. Heyətdə, həmçinin federasiyasının baş məşqçisi Elşən Abdülrəhman, məşqçilər Hakim Hacıyev, Telman Məhərrəmov, Fəxrəddin Quliyev, beynəlxalq dərəcəli hakim Elnur Alıyev və respublika dərəcəli hakim Aydın Ağabəyov, milli komandanın rəisi Məhəmməd Babayev və qadın kikboksçu Nehir Rəcəbzadə yer alıblar.

Xəbər 1293 dəfə oxundu.