Bu gün Topaz Premyer Liqasının VIII turuna start veriləcək
Bu gün uzun sürən fasilədən sonra Topaz Premyer Liqasının növbəti turu start götürür.

İki gün davam edəcək səkkizinci tura Qəbələ şəhər stadionunda başlanılacaq. Çempionatın birinci dövrəsini lider kimi tamamlayan "Neftçi" klubu "Qəbələ" komandasının qonağı olacaq. Rəhim Həsənovun idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.

Birinci günün sonuncu oyunu "Azərsun Arena"da baş tutacaq. Son çempion Ağdamın "Qarabağ" klubu "Səbail" komandasını qəbul edəcək. Qarşılaşma 19:00-da başlayacaq. Oyunun baş hakimi Rəvan Həmzəzadədir.

Turun iki qarşılaşması isə oktyabrın 21-də keçiriləcək. Günün ilk oyunu "Dalğa Arena" stadionunda saat 17:00-da reallaşacaq. "Sumqayıt" debütant "Sabah"ı qəbul edəcək. Qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.

Nəhayət turun sonuncu oyununda "Zirə" səfərdə "Keşlə" klubunun qonağı olacaq. 19:00-da baş tutacaq qarşılaşmanı idarə etmək Əliyar Ağayevə tapşırılıb. Oyun ASK arenada reallaşacaq.

Qeyd edək ki, yeddi turdan sonra aktivində 19 xalı olan "Neftçi" turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən Ağdamın "Qarabağ" klubu 16 xalla ikinci, 10 xalları olan "Sumqayıt" və "Sabah" isə üçüncü və dördüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq "Səbail" (8), "Zirə" (5), "Qəbələ" (5), və "Keşlə" (2) qərarlaşıb.

Xəbər 765 dəfə oxundu.