Olimpiadaya hazırlıq konsepsiyaya uyğun aparılır
Pekin olimpiadasının xoş təəssüratları hələ də yeniliyini, şuxluğunu itirmədiyi bir vaxtda, artıq London oyunlarına hazırlığın ən mühüm mərhələsinə qədəm qoyuruq. 2011-ci il olimpiya ərəfəsi, lisenziyalar ilidir. Bu il idmanın bir neçə növü üzrə ümidverici idmançılarımız London arzularını reallaşdıra biləcəklər. Dünyanın ən böyük idman bayramına bütün ölkələrdə ciddi hazırlıq gedir. Bu iş hər yerdə kortəbii şəkildə davam etmir. Hazırlıq elmi-nəzəri əsaslara dayanmış proqram və konsepsiyalar əsasında aparılır. Azərbaycan idmançılarının London olimpiadasına hazırlıq konsepsiyası da təsdiq olunub həyata keçirilməkdədir. Olimpiadaya hazırlıq proqramı barədə suallarımızı Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cavablandırır:

- İsmayıl müəllim, Azərbaycan idmanının inkişaf səviyyəsi ildən-ilə daha sürətlə yüksəlir. Bu inkişaf olimpiadaya hazırlıq konsepsiyalarının işlənməsində, yaradılmasında, yəqin ki, nəzərə alınıb, məsələyə baxışın yeni prizmalarından istifadə olunub.

- Ümumiyyətlə, yığma komandaların London Olimpiadasına hazırlıq konsepsiyası idmançının məlumat bazasının zənginləşdirilməsi və onun hazırlığındakı problemlərin həlli ilə bağlı müxtəlif bölmələrdən ibarətdir. Bu gün olimpiadaya hazırlıq dünyanın bir çox ölkələrində idmanın yüksək inkişaflı şəraitində cərəyan edir. Belə inkişaf idmançılar arasında rəqabətin gərginlik dərəcəsini ildən-ilə yüksəldir. Bu da hazırlıq zamanı idmançıların təminatından tutmuş, bütün incə məsələlərə həssaslıqla yanaşmağı tələb edir.
Hazırlıq prosesində üç əsas məsələyə önəm verilir. Bunlar tibbi-bioloji təminat, texniki-taktiki və psixoloji cəhətdən təkmilləşmədir. Olimpiadanın keçiriləcəyi ölkənin iqlim şəraiti, coğrafi özəllikləri, milli mətbəxinin xüsusiyyətləri öyrənilməlidir. İdmançıların iqlimə uyğunlaşması üçün təlim-məşq toplanışlarının həmin ölkəyə və iqlim baxımından ona yaxın ölkələrə salınması müsbət nəticələrə ümidləri artırır. Bunların nəzərə alınması yarış zamanı artıq enerji itkisinin qarşısını alır, idmançının fiziki və psixoloji vəziyyətinə müsbət təsir edir.
Yüksək gərginlikli məşqlərdən sonra bərpa prosesinin düşünülmüş, elmi əsaslar üzərində aparılması, farmakoloji amillərdən düzgün istifadə etmək konsepsiyada əsas yer alan məqamlardandır. Konsepsiya olimpiadaya hazırlığın bütün təminat məsəllərinin həllini nəzərdə tutur və burada ortaya çıxa biləcək problemlərin aradan qaldırılması yollarını göstərir.
Bu gün Azərbaycan idmançılarının London olimpiadasına hazırlıq konsepsiyası yüksək səviyyəli mütəxəssislərin, federasiya rəhbərlərinin iştirakı və onların elmi cəhətdən əsaslandırılmış rəyləri nəzərə alınmaqla işlənib hazırlanıb və Azərbaycan Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən təsdiq olunub. Nazirlik tərəfindən nəşr etdirilərək federasiya və cəmiyyətlərə, digər idman təşkilatlarına paylanmış bu konsepsiya hazırlıq prosesinin əsas sənədidir.

- Hər olimpiya oyunları üçün xüsusi konsepsiya hazırlanır və bu o deməkdir ki, hər dövrün özünün konseptual özəllikləri var.

- Bəli, olimpiya oyunlarına hazırlığın əsas müddəaları dəyər etibarilə dəyişilməzdir. 30-40 il əvvəl tətbiq edilən metod və üsullar öz dəyərini bu gün də saxlayır. Amma idmanın inkişafına elmi-nəzəri baxış mütəmadi olaraq dəyişir, hazırlıq təminatının yeni üsul və metodları meydana gəlir, idmançılarımızın inkişaf təmayülü dəyişir, təkamül daha böyük sürət alır. Bu baxımdan, əlbəttə, 2000-ci illə müqayisədə, indi qəbul olunan konsepsiyada fərqlər təbiidir. O vaxt müxtəlif ölkələrin konsepsiyalarının təhlili nəticəsində işlənib hazırlanmış müstəqil Azərbaycanın olimpiya oyunlarında iştirak konsepsiyası ADBTİA-nin elmi-pedaqoji kollektivinin müzakirəsinə verilmiş və orada idmançıların fiziki, texniki-taktiki, fizioloji, psixoloji hazırlığı ilə bağlı təkliflər irəli sürülmüşdür. Mən də o dövrdə akademiyada çalışır və həmin heyətə daxil idim. O vaxt, elə indi də, konsepsiyanın hazırlığı prosesində məsləhətləşmələrin məşqçilərlə də aparılması təklifləri olur. Amma mən bunu əhəmiyyətli təklif saymıram. Ona görə ki, olimpiadaya hazırlıq konsepsiyası üzərində idmanın elmi-nəzəri əsasları ilə yaxından tanış olan, bu sahədə tədqiqatlar aparan adamlar işləməlidirlər. Edilən hər bir təklif tədqiqatlar nəticəsindən sınanmalı, elmi cəhətdən əsaslandırılmalıdır. Bu gün hər bir idman növünə xüsusi yanaşma tərzi lazımdır. Növündən asılı olaraq idmanda ümumi fiziki hazırlığın öz xüsusiyyətləri var. Bəzən ümumi fiziki hazırlığa düzgün yanaşmamaq, idmançıya lazım olmayan yükü vermək yolverilməzdir. Hər idman növü müəyyən əzələ qrupunun özünə məxsus işləməsini tələb edir. Lazım olmayan əzələlərin hədsiz yüklənməsi lazımsız enerji itkisinə və nəticədə, hazırlığın düzgün aparılmamasına gətirib çıxarır.
Bütün bu problemlər yeni konsepsiyada öz əksini tapıb. Bu gün hər bir idmançı orqanizminin fərdi imkanlarını bilmədən-kortəbii məşqlərə yol vermək olmaz. Artıq dədə-baba üsulları ilə idmançı hazırlamaq dövrü keçib. İdmanda konservatizmdən yaxa qurtarmağın vaxtı çatıb. Məsələn, aparılan tədqiqatlar göstərir ki, idmançılarda dözümlülük kimi keyfiyyətin tərbiyə olunması üçün səhərlər uzun məsafələrə qaçışların heç bir əhəmiyyəti yoxdur. Əksinə, bu, əlavə enerji itkisi deməkdir. Eksperimental surətdə sübut olunmuş bu müddəa konsepsiyada nəzərə alınıb.
Bu gün dünya idmanında ən mühüm problemlərdən biri yarışərəfəsi idmançının artıq enerji sərf etməsinin qarşısını almaqdır. Bu zaman enerji axınına yol verilməsində psixoloji amilin mühüm rol oynadığını qeyd etmək lazımdır. Burada idman psixoloqlarının qarşısında mühüm məsələlər durur. Yarış ərəfəsində idmançının psixoloji sabitliyinin saxlanması mühüm şərtdir. Artıq enerji axınına iqlim şəraiti, qidalanma, orqanizmdə gedən proseslər, uzun yorucu səfərlər təsir edir. Dözümlüyün tərbiyəsi sahəsindəki problemlər bizim idmançıların Pekin olimpiadasındakı çıxışlarında özünü büruzə verdi. Buna təsir edən əsas amillərdən biri iqlim şəraitinə lazımi uyğunlaşma olmaması idi. Pekində 44 idmançımızdan 28-nin medal qazanmaq imkanı vardı. Məhz psixoloji amil baxımından bu imkanları reallaşdırmaq mümkün olmadı. Hazırda, London olimpiadasına hazırlıq dövründə bu məsələnin həllinə böyük inam var.
Eyni zamanda idmançıların fizioloji durumuna nəzarət sahəsində yaranan yeniliklər, bərpa dövrü səmərəliliyinin artırılmasına xidmət edən tibbi texnologiyaların meydana gəlməsi, farmakoloji təminat məsələlərində yeni elmi baxışlar hazırlıq təminatı problemlərinə yenidən baxmağı tələb edir. Digər tərəfdən, məkan amili böyük önəm kəsb edir. Olimpiya oyunları coğrafi mühit, iqlim şəraiti ilə fərqlənən ölkələrdə keçirilir və bu amilə həssaslıqla yanaşmaq lazımdır. Konsepsiyada olimpiadanın keçiriləcəyi ölkə, söhbət London olimpiadasından getdiyindən, İngiltərə, onun paytaxtı, əhalinin həyat tərzi, insanlarının xarakteri barədə məlumatlar öz əksini tapır. Londona hazırlıq təminatında həmin ölkədə, eləcə də coğrafi və iqlim şəraiti baxımından İngiltərəyə yaxın ölkələrdə təlim-məşq toplanışları keçirilməsinin böyük əhəmiyyəti var. Federasiyalar qarşıdakı hazırlıq dövründə məsələnin bu tərəfini unutmamalıdırlar. Konsepsiya hazırlığa gənc idmançıların da cəlb edilməsini nəzərdə tutur. Belə ki, onların arasında lisenziya qazanmaq potensialı olanlar çoxdur.

- Londonda hansı bir idman növündəsə debütümüzə ümid varmı?

- Bildiyiniz kimi, qadınlardan ibarət otüstü hokkey yığmamız Pekinə lisenziya qazanmağın bir addımlığındaydı. Mən bu gün hokkeyçi və voleybolçu qadınlarımızın şanslarını daha yüksək dəyərləndirirəm. Hazırda qadın voleybolumuzun inkişafında çox düzgün istiqamət seçilib. Ölkə birinciliyində komandaların sayının artırılması, dünyanın tanınmış voleybol ustalarının ölkəyə dəvət edilməsi, eləcə də komandaların hazırlığının təcrübəli əcnəbi mütəxəssislərə həvalə edilməsi, voleybol üzrə beynəlxalq yarışlarda əldə edilən müsbət nəticələr öz bəhrəsini verəcək. İdmançılarımızın hazırlıq səviyyəsi buna ümid bəsləməyə haqq verir. Eyni zamanda avarçəkənlərimizdən də böyük nailiyyətlər gözləyirik.
Azərbaycanda idmanın inkişafına verilən yüksək dövlət dəstəyi ölkəmizi dünyanın idman ölkələri cərgəsinə çıxarıb. İdmanımızın bugünkü səviyyəsi, onun kütləviliyinin artırılması idmançılarımızın qarşısına daha böyük vəzifələr qoyur. Bildiyiniz kimi, yüksək səviyyəli yarışların keçirilməsi sahəsində bizim böyük təcrübəmiz var. Buna görə, federasiyalar lisenziya yarışlarına ev sahibliyi etmək üçün öz fəaliyyətlərini daha da artırmalıdırlar.
Həmçinin yüksək ixtisaslı farmakoloqlarının təcrübəsindən faydalanmağı lazım bilirik. Dopinqə qarşı mübarizə tədbirlərinin səmərəliliyini artırmaqda belə mütəxəssislərin məsləhətlərinə ehtiyacımız var. Nazirlik, MOK bu istiqamətdə fəaliyyətini gücləndirib. İndi əsas məsələ hazırlıq konsepsiyasının tələblərinə ciddi əməl etməkdir. Bu, Londonda yüksək nailiyyətlərin başlıca təməlidir.

Söhbətləşdi: Əli FƏRƏCOV

Xəbər 3383 dəfə oxundu.