Dünya çempionatında uğurla çıxış edən veteran pauerliftinqçilərimiz Vətənə qayıdıblar
Moskvada veteranlar arasında pauerliftinq üzrə dünya çempionatında uğurla çıxış edərək 3 qızıl, 3 gümüş və 4 bürünc medal qazanan Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi təşkil olunub. Mərasimdə Azərbaycan Pauerliftinq Federasiyasının (APF) əməkdaşları, atletlərin yaxınları, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

İyirmi ildən sonra yenidən dünya çempionu olan veteran idmançımız, APF-nin prezidenti Ələddin Əliyev komandanın hər bir üzvünü təbrik edərək nəticənin xalqımız üçün vacib qələbə olduğunu deyib.

O deyib: “İlk dəfə 1998-ci ildə ABŞ-ın Las-Veqas şəhərində 24 yaşında dünya çempionu olmuşam. Bu dəfə ki, qalibiyyətim 20 il sonraya təsadüf edir. Bu qələbə ilə öyünmək istəmirəm. Sadəcə cavan nəslə çatdırmaq istəyirəm ki, idmanla məşğul olmaq heç vaxt gec deyil. İki il bundan qabaq beşqat dünya çempionu Mustafa Əhmədovla yenidən dünya çempionu adını qazanmağı qarşıya məqsəd qoyduq. Çempionatda 13 idmançı ilə təmsil olunduq və 10 medal qazandıq. Bu nəticəni yaxşı adlandırmaq olar”.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Ə.Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin hazırda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Həmçinin dövlətimizin başçısı tərəfindən idmançılar üçün lazımi şəraitin yaradıldığını və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.

“Otuzdan çox ölkədən yüzlərlə idmançının qarşısında Azərbaycanın üçrəngli bayrağını dalğalandırmaq çox qürurvericidir. Federasiyamız 1996-cı ildə yaradılıb və idmançılarımız beynəlxalq arenada öz sözlərini deyiblər. Bu dəfə heyətdə bir qadın idmançımız da yer almışdı. O da dünya rekordunu yeniləyərək gözəl nəticə göstərdi. Əslində 44 yaşımda mən inanmazdım ki, yenidən fəxri kürsün ən yüksək pilləsinə qalxım. Ümid edirəm ki, bu, bizim sonuncu nailiyyətimiz deyil. Çalışacağıq bu zəfərlər yenidən təkrarlasın”, - deyə Ə.Əliyev əlavə edib.

Qeyd edək ki, Azərbaycan millisi komanda yarışlarında Rusiyadan sonra ikinci olub.

Xəbər 1359 dəfə oxundu.