Üç yeniyetmə boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib
Rusiya Federasiyasının Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinalçıların adlarına aydınlıq gəlib. Dörddəbir final mərhələsinin yekununa əsasən Azərbaycan millisinin 3 üzvü növbəti mərhələyə adlayıb.

Yarımfinala gedən yolda 4 boksçumuz rinqə çıxıb. Onlardan Əli Zamanov (48 kq) Krasimir Çurovla (Bolqarıstan) gücünü yoxlayıb. İlk iki döyüşündə Hayk Alaberkyan (Ermənistan) və Eduard Voskanyanı (Rusiya) məğlub edən idmançımız bu dueldən də qalib ayrılıb. Həmyerlimiz bolqarıstanlı rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Ə. Zamanov finala yüksəlmək üçün Mixail Taranu (Moldova) ilə döyüşəcək.

Çempionatda 80 kiloqram çəki dərəcəsində yarışan Murad Allahverdiyev də yarımfinala vəsiqə qazanıb. Səkkizdəbir finalda türkiyəli Əmir Böyükdağı mübarizədən kənarlaşdıran təmsilçimiz növbəti görüşdə Vladislav Novikova (Belarus) tam üstünlüklə qalib gəlib. O, üçüncü qarşılaşmasında Andrey Voyvodinlə (Rusiya) münasibətlərinə aydınlıq gətirəcək.

Digər boksçumuz Əhməd Əhmədov (80 kq-dan yuxarı) da mərhələ adlayıb. Serbiyalı Mixail Miliçə tam üstünlüklə qalib gələn boksçumuz dörddəbir finalda litvalı Edvin Ostapenkonu məğlub edib. Ə.Əhmədov yarımfinalda macarıstanlı Levent Kisslə qüvvəsini sınayacaq.

Bu 3 boksçumuz yarımfinala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı da təmin edib.

Onlardan fərqli olaraq, Türkeş Mustafayevin (66 kq) 1/4 final qarşılaşması məğlubiyyətlə yekunlaşıb. Həmyerlimiz rusiyalı İqor Kuznetsova uduzub.

Xəbər 1225 dəfə oxundu.