Əsgərxan Novruzov: İnanıram ki, hər iki güləşçimiz Olimpiadanın finalına yüksələcək
Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən güləşçilərin rəqibləri müəyyənləşib.

“B” qrupunda yer alan Şahanə Nəzərova (43 kq) bu gün Elena Heloisa Martines (Braziliya), Tolulop Kristina Oqunsanya (Nigeriya), Emili Şilson (ABŞ) və Justin Fanni Viquro (Fransa) ilə qarşılaşacaq.

“A” qrupunda qərarlaşan sərbəst güləşçimiz Turan Bayramov (65 kq) isə sabah əvvəlcə Tahi Pehi Eynsli Uesterli (Yeni Zelandiya), daha sonra isə İnayət Ullah (Pakistan) ilə münasibətləri aydınlaşdıracaq.

Yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi Əsgərxan Novruzov açıqlamasında püşkün nəticəsini dəyərləndirib: “Olimpiadada proqnoz vermək çətindir. Ümumilikdə püşkün nəticəsindən razıyam. Düzdür, Şahanənin qrupdakı rəqiblərindən olan amerikalı güləşçi dünya çempionudur. Amma Nəzərova ilk turu buraxıb, sonra braziliyalı rəqiblə qarşılaşacaq. Sıralamanı münasib saymaq olar. Güləşçilərimizin əhval-ruhiyyəsi çox yüksəkdir. İnanıram ki, hər iki güləşçimiz Olimpiadanın finalına çıxacaq”.

Qeyd edək ki, reqlamentə əsasən, qrup qalibləri finala yüksələcək. “A” və “B” qrupunda ikinci yeri tutanlar isə bürünc medal uğrunda güləşəcəklər.

Xəbər 970 dəfə oxundu.