Qadınlar arasında voleybol üzrə dünya çempionatında pley-off mərhələsinə çıxan komandalar məlum olub
Qadınlar arasında voleybol üzrə dünya çempionatının Yaponiyanın Osaka və Naqoya şəhərlərində keçirilən II mərhələsindən sonra pley-offa yüksələn komandalar məlum olub.

Oktyabrın 7-dən 11-dək davam edən yarışlar hər birində 8 komanda olmaqla E və F qruplarında keçirilib. Azərbaycan millisinin də mübarizə apardığı F qrupunda bütün görüşlərdə qalib gələn İtaliya komandası 27 xalla birinci, son oyunda Rusiya millisini məğlub edən Çin komandası 24 xalla ikinci və İtaliya yığmasına məğlub olan ABŞ komandası isə 19 xalla üçüncü yerdə qərarlaşıblar.

E qrupunda isə Niderland millisi 24 xalla birinci, Yaponiya millisi 22 xalla ikinci, Serbiya yığması isə 21 xalla üçüncü yerləri tutublar.

Qaydalara əsasən, növbəti mərhələyə çıxan altı komanda hər birində üç komanda olan iki qrupda yarışacaq. Həmin qruplarda birinci və ikinci yerləri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Bu qruplarda oyunlar oktyabrın 14-dən 16-dək Naqoya şəhərində keçiriləcək.

AZƏRTAC

Xəbər 1133 dəfə oxundu.