Boksçularımız klublararası beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
“Qəbələ” idman klubunun boksçuları Ukraynada təlim-məşq toplanışına başlayıb. Klubun boks bölməsinin rəhbəri Fariz Məmmədovun başçılığı altında Krivoy Roq şəhərinə yollanan idmançılarımız hazırlıq prosesi çərçivəsində klublararası beynəlxalq yoxlama turnirində də qüvvəsini sınayacaqlar.

Yarışda boksçularımızla birgə toplanış keçən “Leather Gloves” (Özbəkistan), DKD (Gürcüstan) və yerli KB-75 klubları da mübarizə aparacaqlar. Oktyabrın 10-da turnirin çəki mərasimi, püşkatma, həmçinin mətbuat konfransı təşkil olunacaq. Ertəsi gün komandalar arasında yarımfinal matçları baş tutacaq. Oktyabrın 12-də isə final və 3-cü yer uğrunda matç keçiriləcək.

Baş məşqçi Ramiz Mirkamilov bu görüşlərdə hazırlıq prosesinə qatılan 7 boksçuya güvənəcək. Bunlar Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqos (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlıdır (91 kq-dan yuxarı).

Xəbər 853 dəfə oxundu.