Yaşar Bəşirov: Əminəm ki, karateçilərimiz dünya çempionatında öz sözlərini deyəcəklər
Karate üzrə milli komandamız noyabrın 5-dən 11-dək İspaniyanın paytaxtı Madriddə keçiriləcək karate üzrə dünya çempionatına ciddi hazırlaşır. Bu ilin mühüm yarışı olan dünya çempionatı həm də onunla əlamətdardır ki, mundial “Tokio-2020”yə ən yüksək lisenziya xalı verəcək. Əsas məqsəd komandamızın dünya çempionatında uğurlu çıxışını təmin etməkdir.

Bu sözləri Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov deyib. Karate yığmamızın hazırda yaxşı formada olduğunu vurğulayan federasiya prezidenti idmançılarımızın ikiilliyin əsas yarışında ölkəmizi yüksək səviyyədə təmsil edəcəklərinə inandığını deyib: “Hazırda məşqlərimiz davam edir. İdmançılarımızdan bəziləri zədəlidir və həmin zədələrin sağalması üçün tədbirlər görülür. Dünya çempionatında rəqabət çox yüksək olacaq. Amma idmançılarımız da zəif rəqib deyillər. Dünyanın 1 nömrəli karateçisi məhz beşqat dünya çempionumuz Rafael Ağayevdir. Yığmamızın heyətində dünya, Avropa çempionatlarının, Premyer Liqa turnirlərinin qalib və mükafatçıları var. Əminəm ki, karateçilərimiz dünya çempionatında öz sözlərini deyəcəklər”.

“Tokio-2020”yə 3-4 lisenziya qazana bilərik

Yaşar Bəşirov dünya çempionatından sonra əsas diqqətin Tokio Olimpiadasına lisenziya xalları verən digər yarışlara yönəldiləcəyini deyib: “Olimpiya Oyunlarında hər ölkədən 3 kişi, 3 qadın, katada isə 1 qadın, 1 kişi idmançı mübarizə apara bilər. Katada qadın namizədimiz yoxdur. Kişilər arasında isə Avropa çempionatının üçqat bürünc mükafatçısı Roman Heydərovun yaxşı perspektivləri var. Kata üzrə favorit idmançılar əsasən yaponiyalılardır. İdmançılarımızın dünya reytinqinə əsasən, düşünürəm ki, “Tokio-2020”yə 3-4 lisenziya qazana bilərik. Bunun üçün hazırlıq prosesi daha yüksək səviyyədə olmalıdır. Bütün qüvvəmizi buna sərf edirik. İdmana dövlət tərəfindən yüksək diqqət və qayğı nəticəsində qarşıya qoyulan bu çətin tapşırığın öhdəsindən uğurla gələcəyimizə əminik.

Karateçilərimizin iki gümüş, bir bürünc medalla 8-ci pillədə qərarlaşmağı yaxşı nəticədir

AMKF-in prezidenti karateçilərimizin bir neçə gündən sonra Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Karate 1 Premyer Liqası yarışlarına yola düşəcəklərini vurğulayıb. O deyib ki, Tokioda oktyabrın 12-də start götürəcək yarışlara komandamız tam tərkibdə qatılacaq. Yaşar Bəşirov ötən ay Berlində təşkil edilən Karate 1 Premyer Liqasında komandamızın çıxışına da münasibət bildirib: “Berlin Premyer Liqası Olimpiya Oyunlarına lisenziya xalı verən ilk turnir idi. 70-dən artıq dövlətin təmsil olunduğu bu yarışda karateçilərimizin iki gümüş, bir bürünc medalla 8-ci yeri tutması yaxşı nəticədir. İdmançılarımız on finaldan ikisində mübarizə apardılar. Təbii ki, qızıl medal qazanılsaydı daha yaxşı olardı. İrina Zaretska (68 kq) final görüşü zamanı hakim ədalətsizliyi ilə üzləşdi. Rafael Ağayev (75 kq) finaldan yarım saat əvvəl hazırlıq məşqində belindən zədələndiyi üçün görüşdə imkanlarından tam istifadə edə bilmədi. Buna baxmayaraq, onun final qarşılaşması bərabər şəraitdə keçdi. Onu da qeyd edim ki, Rafaelin əvvəllər üç dəfə məğlub olduğu və əsas rəqiblərindən sayılan yaponiyalı karateçiyə bu dəfə qalib gəlməsi yaxşı hal kimi qiymətləndirilə bilər”.

Berlin yarışından bir neçə gün sonra sentyabrın 21-də Çilidə daha bir Premyer Liqa turnirinin keçirildiyini deyən federasiya rəsmisi bu yarışda komandanın yalnız bir üzvünün - İrina Zaretskanın mübarizə apardığını bildirib. O, idmançının Berlin turnirindən birbaşa Santyaqo yarışlarına yola düşməsinin görüşlərə öz təsirini göstərdiyini və nəticənin uğursuz olduğunu qeyd edib.

Nailiyyətlərimizi “Minsk-2019”da təkrar etməyə çalışacağıq

Karateçilərin gələn il Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına da ciddi hazırlaşdıqlarını qeyd edən Yaşar Bəşirov bildirib: “Avropa Oyunları qitəmizin ən mötəbər yarışlarıdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə karatenin birinci Avropa Oyunlarının proqramına salınması onun Olimpiya Oyunlarının proqramına daxil edilməsinə böyük təkan verdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Bakıda keçirilən birinci Avropa Oyunlarında karate yarışlarını izləyərkən bu idman növünün böyük perspektivləri olduğunu qeyd edib, onun Olimpiya Oyunlarında layiqli yer tutacağına inandığını vurğulamışdı. Bakıda keçirilmiş birinci Avropa Oyunlarında karateçilərimiz böyük uğur qazandılar. “Minsk-2019”da daha çox idmançı ilə təmsil olunmağa və bu nailiyyəti təkrar etməyə çalışacağıq. Avropa Oyunlarında hər ölkədən kumite üzrə 5 qadın, 5 kişi, katada isə 1 qadın, 1 kişi idmançı iştirak edə bilər. Qeyd edim ki, ikinci Avropa Oyunları da “Tokio-2020”yə lisenziya xarakteri daşıyır”.

Tokio Olimpiadasına son seçimlər Bakıda ola bilər

AMKF prezidenti qeyd edib ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli sonuncu yarış Bakıda keçirilə bilər: “Azərbaycan son üç ildə birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi nüfuzlu idman tədbirlərinə, müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatlarına yüksək səviyyədə ev sahibliyi edib. Bu yaxınlarda cüdo üzrə dünya çempionatı Bakıda böyük uğurla təşkil edildi. 2020-ci il martın 28-də Bakıda karate üzrə 55-ci Avropa çempionatının startı planlaşdırılır. Bunu Dünya və Avropa Karate Federasiyasının (WKF və EKF) prezidenti Antonio Espinos təsdiq etdikdən sonra Tokio Olimpiadasına son seçimlərin məhz Bakıda olacağı dəqiqləşəcək. Bundan başqa, 2021-ci ildə Bakının Karate 1 Premyer Liqa yarışları kimi nüfuzlu tədbirə ev sahibliyi etmək şansı var”.

AZƏRTAC

Xəbər 883 dəfə oxundu.