Məktəblilər arasında respublika çempionatı start götürüb
Məktəblilər arasında respublika çempionatının mərhələ yarışlarına start verilib.

Milli Olimpiya Komitəsinin, Gənclər və İdman, Təhsil nazirliklərinin, Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2018-2019-cu tədris ili ərzində keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər.

Məktəb İdmanları Federasiyasının baş katibi Pərvin Mehdiyevin sözlərinə görə, voleybol və basketbol idman növləri üzrə keçirilən turnirlər məktəblərarası beynəlxalq yarışlara seçim xarakteri daşıyır: “Voleybol üzrə yarışda qalib məktəb komandası 2019-cu ildə Xorvatiyanın Poreç, qalib basketbol komandası isə Yunanıstanın Heraklion şəhərlərində keçiriləcək məktəblilərin dünya çempionatında ölkəmizi təmsil edəcək.

Məktəblər arasında respublika çempionatının keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviliyinin daha da artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində şagirdlərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, Olimpiya İdman komplekslərindən və bazalarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.

Xəbər 815 dəfə oxundu.