Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatında Rusiya yığması ilə qarşılaşıb
Oktyabrın 2-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada keçirilən dünya çempionatında Rusiya yığması ilə qarşılaşıb.

Oyun Rusiya voleybolçularının 3:0 (25:21, 25:21, 25:22) hesablı qələbəsi ilə başa çatıb.

Baş məşqçi Faiq Qarayevin yetirmələri hazırda üç xalla “C” qrupunda dördüncü sıradadırlar. Rusiya bu qalibiyyətdən sonra xallarını səkkizə çatdıraraq qrupda liderliyə yüksəlib. Tur çərçivəsində qrupun digər oyunlarında Trinidad və Tobaqo komandası Tailand yığması ilə görüşür. Dünya çempionu ABŞ voleybolçuları isə bu gün Koreya Respublikası ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 3-də Trinidad və Tobaqo yığması ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 08:40-da başlayacaq.

“C” qrupunda Azərbaycan, Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası yığmaları mübarizə aparırlar.

Xəbər 1119 dəfə oxundu.