Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan komandaları Polşa və İtaliya yığmaları ilə oynayacaqlar
Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. Altıncı turda Azərbaycan yığmaları qalib gəliblər.

Ölkəmizin kişilərdən ibarət komandası çexiyalı rəqiblərinə 3:1 hesabı ilə qalib gəlib. Bu turda Şəhriyar Məmmədyarov və Arkadi Naydiç öz rəqiblərini məğlubiyyətə uğradıb, Teymur Rəcəbov və Rauf Məmmədov isə xalları rəqibləri ilə bölüşüblər. Zərif cinsin nümayəndələri Latviya yığmasına 2,5:1,5 hesabı ilə qalib gəliblər. Bu turda qələbə sevincini yalnız Ülviyyə Fətəliyeva dadıb. Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova isə heç-heç ilə kifayətlənməli olub.

Yeddinci turda Azərbaycanın kişilərdən ibarət komandası polşalı, qadınlardan ibarət yığmamız isə italiyalı rəqibləri ilə qarşılaşacaqlar.

Altı turdan sonra hərəsi 12 komanda xalı toplamış Azərbaycan və Polşa yığmaları liderdir. ABŞ komandası rəqiblərdən 1 xal, on komanda isə 2 xal geri qalır.

Qadınların birinciliyində hərəsi 11 komanda xalı toplamış ABŞ, Gürcüstan və Ermənistan komandaları irəlidədir. Azərbaycan yığması da daxil olmaqla on komanda liderlərdən 1 xal geri qalır.

Polşa-Azərbaycan matçında Yan-Kristof Duda – Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek – Teymur Rəcəbov, Yatsek Tomçak – Arkadi Naydiç, Kamil Draqon – Eltac Səfərli cütlükləri qarşılaşacaq.

İtaliya-Azərbaycan görüşündə isə Olqa Zimina - Günay Məmmədzadə, Yelena Sedina – Zeynəb Məmmədyarova, Desire de Benedetto – Xanım Balacayeva və Marina Brunello – Ülviyyə Fətəliyeva cütlükləri mübarizə aparacaqlar.

Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də başa çatacaq.

Xəbər 905 dəfə oxundu.