Peşəkar boksçumuz WBC-nin 56-cı konqresində iştirak edir
Ümumdünya Boks Şurasının (WBC) 56-cı konqresinə start verilib. Kiyevdə təşkil olunan tədbirdə “Qəbələ” idman klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov da iştirak edir. Azərbaycanın peşəkar boks üzrə ilk dünya çempionu tədbirə fəxri qonaq qismində dəvət olunub.

Konqresə 160 ölkədən 700-dən artıq qonaq qatılıb. Fəxri qonaqlar arasında Lennoks Lyuis, Evander Holifild, Oskar de la Xoyya, Xulio Sezar Çaves kimi dünya boksunun əfsanələri də yer alıblar. Konqresin Təşkilat Komitəsinin rəhbəri isə ukraynalı Vitali Kliçkodur.

Tədbirin ilk günündə bir sıra görüşlər təşkil olunub. Tanınmış boksçular konqres çərçivəsində təşkil olunan “Əfsanələrlə birlikdə” beynəlxalq turnirinin iştirakçılarının açıq məşqinə qatılıblar. Fariz Məmmədov müxtəlif illərdə dünya çempionu olan əfsanələr ukraynalı Vladimir Kliçko, böyük britaniyalı Amir Xan, meksikalı Xulio Sezar Çaves, ABŞ təmsilçiləri Evander Holifild, Şon Porter, Marvin Haqler, panamalı Roberto Dyuran və digər ulduzlarla görüşüb.

Konqresin rəsmi açılış mərasimi, həmçinin Vitali Kliçko və əfsanələrdən birinin iştirakı ilə mətbuat konfransı da təşkil olunub. Oktyabrın 2-də isə ukraynalı əfsanə ulduz qonaqlarla uşaqlara yardım evində olacaq. Ardınca bokssevərlər üçün ulduzlardan avtoqraf almaq imkanı yaradılacaq. Konqres oktyabrın 5-dək davam edəcək.

Xəbər 1186 dəfə oxundu.