Polo üzrə Azərbaycan milli komandası Avropa çempionatının finalına yüksəlib
Azərbaycan milli komandası sentyabrın 28-də İtaliyanın Siyene şəhərində polo üzrə Avropa çempionatında növbəti oyununu keçirib.

Millimiz qrup mərhələsinin sonuncu – dördüncü oyununda Avropa çempionu İrlandiya seçməsi ilə qarşılaşıb. Güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirən idmançılarımız rəqiblərini 5:3 hesabı ilə məğlub edərək Azərbaycan atçılıq idmanı tarixində ilk dəfə olaraq Avropa çempionatının finalına yüksəliblər.

Mübarizəni Avropa birinciliyinin bürünc medalları uğrunda davam etdirəcək İrlandiya yığması ilə qarşılaşmada milli komandamızın üzvləri Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Xatırladaq ki, atçılıq idmanı tariximizə yeni səhifə yazan millimiz Avropa çempionatının əvvəlki turlarında Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını isə 11:7 hesabı ilə məğlub edib.

Sentyabrın 29-da çempionatın “B” qrupunun oyunları keçiriləcək. Avstriya ilə Almaniya, İtaliya ilə İsveçrə komandaları qarşılaşacaqlar. Lakin bu oyunların nəticələrindən asılı olmayaraq İtaliya komandası artıq finala vəsiqə qazanıb. Almaniya komandası isə 3-cü yer uğrunda görüşdə iştirak etmək hüququ əldə edib.

Polo üzrə Avropa çempionatının sentyabrın 30-da keçiriləcək finalında Azərbaycan və İtaliya komandaları, 3-cü yer uğrunda oyunda isə İrlandiya və Almaniya yığmaları qarşılaşacaqlar.

Xəbər 1476 dəfə oxundu.