Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
Milli Olimpiya Komitəsində (MOK) Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, MOK-un baş katibinin müavini Azər Əliyev, idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə yarışda iştirak edəcək komandamız haqqında məlumat verib. O, nümayəndə heyətinə uğurlar arzulayıb və komandamızın Argentinada da ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.

Bu yarışlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Mehman Kərimov oyunlar çərçivəsində Milli Olimpiya Komitəsi və Olimpiya komandamızın tərəfdaşı Toyota Qafqaz MMC-ni iştirakçılara təqdim edib. Daha sonra Yeniyetmələrin III Yay Olimpiya Oyunları haqda videoçarx nümayiş olunub. Oyunların gənc səfiri qismində Azərbaycanı təmsil edəcək Səkinə Vəliyeva Argentina, Buenos-Ayres, oyunlar, nümayəndə heyətinin qalacağı Olimpiya kəndi və yarış yerləri haqqında təqdimatlar edib. O, oyunlarda 206 ölkədən idmançıların iştirakının nəzərdə tutulduğunu deyib. Onlar 32 idman növü üzrə yarışacaqlar.

Xatırladaq ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-dan 18-dək keçiriləcək. Yığma komandamızın əsas hissəsi oktyabrın 4-də Buenos-Ayresə yola düşəcək. Komanda 17 idmançı (8 qız, 9 oğlan), 12 məşqçi və hakimdən, nümayəndə heyətinin rəhbərindən və gənc səfirdən ibarətdir. Bundan başqa, nümayəndə heyətinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və bəzi federasiyaların nümayəndələri daxildir.

İdmançılarımız olimpiadaya 9 idman növü üzrə lisenziya əldə ediblər. Olimpiya yığmasının tərkibində Azərbaycanı üzgüçü Fatimə Alkərəmova, stolüstü tennisçilər Jinq Ninq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq çəki dərəcəsində) və Cavad Ağayev (63 kq), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov (üçtəkanla uzununa tullanma) və Fəxriyyə Tağızadə (100 metr məsafəyə qaçış) təmsil edəcəklər.

Xəbər 1352 dəfə oxundu.