Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi qeyd olunub
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sentyabrın 17-də 20 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) baş katibi İoannis Psilopoulos, MOK-un baş katibinin müavini Azər Əliyev, ölkəmizə dəvət olunmuş rəsmi qonaqlar, tanınmış idmançılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. AzƏOK-un fəaliyyətindən bəhs edən videoçarxın nümayişindən sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın qazandığı nailiyyəti yüksək qiymətləndirib. Azərbaycanda dünyanın ən mötəbər idman yarışlarının keçirildiyini vurğulayan nazir müavini deyib: "Ölkəmizdə hər il beynəlxalq yarışlar, dünyanın ən böyük idman tədbirləri keçirilir. İlk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Ümumdünya Şahmat Olimpiadasına, Formula 1 Azərbaycan Qran-prisinə Azərbaycan yüksək səviyyədə ev sahibliyi etdi. Bunun nəticəsidir ki, beynəlxalq idman qurumları heç bir tərəddüd etmədən irimiqyaslı yarışların ölkəmizdə keçirilməsinə tərəfdardırlar. İdman sülhün və dostluğun carçısıdır. Digər sahələrdə olduğu kimi, idmanda da ədalət prinsipi vacib amillərdəndir. Sevindirici haldır ki, idmançılarımız ədalət prinsipinə sadiqdirlər və nümunəvi çıxışları ilə dünyada seçilirlər".

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə AzƏOK-un fəaliyyətindən və əldə etdiyi uğurlardan danışıb. Qeyd edib ki, hər il AzƏOK 5 istiqamət üzrə namizədləri mükafatlandırır. Bunlar arasında idmançı, məşqçi, hakim, təbliğatçı və idman xadimi yer alır. "Ədalətli oyun anlayışı təkcə idmançı ilə məhdudlaşmır. Məşqçi və hakimlərin də bu istiqamətdə mühüm xidmətləri var. Azərbaycan ədalətli oyunlarla bağlı dünyada keçirilən bütün tədbirlərdə uğurla iştirak edir. Bu tədbirlərin ölkəmizdə keçirilməsi üçün isə bütün lazımi şərait yaradılır. Mən bütün idmançılara ədalət prinsipləri əsasında mübarizə aparmağı və beynəlxalq yarışlarda idmançılarımıza ədalət prinsipləri ilə yanaşılmasını arzulayıram", - deyə Ç.Hüseynzadə əlavə edib.

Sonra BƏOK-un prezidenti Jeno Kamuti çıxış edərək dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə dünyada Olimpiya hərəkatının və ədalətli oyunlar prinsiplərinin inkişafı istiqamətində böyük xidmətlərinə görə minnətdarlığını bildirib. O, "Bakı-2015" ilk Avropa Oyunlarının Olimpiya hərəkatına və ədalətli oyunlar prinsiplərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.
J.Kamuti ilk Ədalətli Oyunlar Regional Ofisinin Bakıda açılacağını bildirib: "MOK-un vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev tanınmış idmançı və mütəxəssisdir. Ədalətli Oyunlar Regional Ofisinin rəhbəri də X.İsayev olacaq. Əminəm ki, o, böyük işlər görəcək. Bu ofisin uğurla fəaliyyət göstərməsi üçün BƏOK da əlindən gələn köməyi göstərəcək".

Yubiley mərasimində AzƏOK-un sədri Xəzər İsayevin müəllifi olduğu və qurumun 20 illik fəaliyyətindən bəhs edən "Azərbaycanda Ədalətli Oyunlar-20 il" kitabının və təşkilatın loqosunun təqdimatı da keçirilib.

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası İlham Əliyevin 1997-ci ildə MOK-un prezidenti seçilməsindən sonra yaradılıb. Onun təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat 1998-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatına üzv seçilib. AzƏOK Avropa və Beynəlxalq Ədalətli Oyunlar Təşkilatları ilə sıx əməkdaşlıq edir. 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olunub. Gündəlik həyatda Olimpiya tərbiyəsinin, Ədalətli Oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı, 2015-ci ildə isə Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının xüsusi medalı ilə təltif edilib. 2015-ci ildə, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının xüsusi ordeni ilə təltif edilib.

Xəbər 1544 dəfə oxundu.