Bakı-2020 qalib gələrsə…
2020-ci il Yay Olimpiya və Paralimpya Oyunlarına ev sahibliyi etmək istəyən Bakı şort-listə düşəcəyi halda, büdcəsini xeyli artıracaq. İdman.com.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Rusiya mətbuatına açıqlamasında deyib. Onun sözünə görə, Bakı ikinci mərhələyə keçib, iddiaçı şəhərlərin sırasında yer alarsa, büdcəsi 8 milyon dollardan 44 milyon dollara kimi artırılacaq:

“İlk mərhələdə 8 milyon dollar büdcə müəyyənləşdirmişik. Bunu, tam olaraq, dövlət ayırıb. Əgər şort-listə düşsək, büdcəmiz tam başqa olacaq. Bu zaman artıq şəxsi vəsaitlər də cəlb ediləcək. Oyunların özünün büdcəsini hələ müəyyənləşdirməmişik. İkinci mərhələyə keçəcəyimiz halda isə büdcəmiz 44 milyon təşkil edəcək. Əlbəttə, Olimpiya Oyunlarının keçirilməsinə dövlət, sponsor, kommersiya fəaliyyətinə görə əldə olunan vəsaitlər ayrılacaq”.

Qeyd edək ki, mayın 25-də Kanadanın Kvebek şəhərində Beynəlxalq Olimpiya Komitəsinin iclasında mərhələ adlayacaq iddiaçıların adları açıqlanacaq. Ardıcıl 2-ci dəfə olimpiadaya ev sahibliyi etmək marafonuna qoşulan Bakı bu dəfə mübarizədən qalib ayrılacağına böyük ümid bəsləyir. Bu yolda paytaxtımızın rəqibləri Doha (Qətər), Tokio (Yaponiya), İstanbul (Türkiyə) və Madrid (İspaniya) şəhərləridir.

Xəbər 1227 dəfə oxundu.