Poliatlon çoxnövçülüyü üzrə Bərdə rayon birinciliyinin qalibləri müəyyənləşib
Bərdə rayonunun ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə birinciliyin qalibləri müəyyənləşib.

Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə Bərdə şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən yarışda 13 ümumtəhsil məktəbin komandası iştirak edib.

Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov və Təhsil Şöbəsinin metodisti Anar Rəsulov gənclərin ordu sıralarına hazırlanmasında və vətənpərvərlik ruhunun yüksəldilməsində ölkəmizdə və eləcə də Bərdə rayonunda görülən işlərdən danışıb, yarışın əhəmiyyətini qeyd ediblər.

Məktəblilər 100 metr məsafəyə qaçış, qumbara atmaq, güllə atıcılığı və turnikdə dartınma üzrə mübarizə aparıblar. Birinciliyin yekun nəticələrinə əsasən, I yerə Kətəlparaq kənd tam orta məktəbinin komandası, II yerə Bərdə şəhər 4 nömrəli tam orta məktəbinin komandası, III yerə isə 8 nömrəli tam orta məktəbin komandası layiq görülüb.

Qalib komandalar və mərhələlərdə ən yüksək nəticə göstərmiş komanda üzvləri Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunub.

Xəbər 1039 dəfə oxundu.