Gənc mədəniyyət işçiləri arasında mini futbol üzrə turnirin qalibləri mükafatlandırılıb
Qusar Olimpiya İdman Kompleksində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında mini futbol üzrə II Ümumrespublika “MEMM kuboku”nun qalibləri müəyyənləşib.

Turnirin gedişində mədəniyyət naziri Əbülfəs Qarayev gənc mədəniyyət işçiləri ilə görüşüb, yarış iştirakçılarına uğurlar arzulayıb. Görüş zamanı nazir gənclərin İdeya fondunun yaradılmasına görə elektron portal təşkil edilməsi ilə bağlı tapşırıqlarını verib.

Bildirilib ki, yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, müxtəlif mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması, mədəniyyət və idman sintezi çərçivəsində yoldaşlıq əlaqələrinin formalaşmasıdır.

Turnirdə müxtəlif rayonları təmsil edən 8 regional komanda (“Novruz” (Xaçmaz), “Muğam” (Ağdaş, Sabirabad), “Aşıq” (Ağcabədi, Şəki, Lənkəran), “Misgərlik” (Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz), “Kamança” (Kürdəmir, Biləsuvar), “Çövkən” (Gəncə, İsmayıllı), “Xalça” (Şəmkir, Ağstafa), “Tar” (Bərdə, Sumqayıt)) UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olan milli-mədəni irs nümunələrini əks etdirib.

Oyunları AFFA-nın milli dərəcəli hakimi Elxan Müslümov və köməkçi hakim Ağahüseyn Əzizov idarə ediblər.

Yekun nəticəyə əsasən turnirdə birinci yeri və “MEMM Kuboku”nu “Aşıq” komandası qazanıb. “Kamança” komandası ikinci, “Novruz” isə üçüncü olub. Çempionatın ən yaxşı oyunçusu “Aşıq” komandasının üzvü Mürsəl Paşayev seçilib.

Mükafatlandırma mərasiminə qatılan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev qaliblərə kubok və medalları təqdim edib.

Xəbər 795 dəfə oxundu.