Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarını iki medalla başa vurublar
Bakıda cüdo üzrə dünya çempionatının yeddinci günündə Azərbaycan idmançısı Uşanqi Kokauri gümüş medal qazanıb.

Sentyabrın 26-da kişi cüdoçular 100 kiloqramdan, qadınlar isə 78 kiloqramdan yuxarı çəki dərəcəsində güclərini sınayıblar.

Kişilərin yarışında ölkəmizi təmsil edən Uşanqi Kokauri belaruslu Vladislav Tsiarpitskiyə, Polşa idmançısı Masiey Sarnackiyə, çexiyalı Lukas Krpalekə və özbəkistanlı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Cüdoçumuz həlledici görüşdə gürcüstanlı Quram Tuşişviliyə məğlub olaraq gümüş medalla kifayətlənib. Yaponiya təmsilçisi Hisayoşi Harasava və monqolustanlı Duurenbayar Ulzııbayar fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Qadınların final görüşündə kubalı İdalis Ortiz və yaponiyalı Sara Asahina üz-üzə gəliblər. Rəqibini məğlub edən Yaponiya idmançısı dünya çempionu adını qazanıb. Bürünc medala isə Bosniya və Herseqovina idmançısı Larisa Kerik və Türkiyə təmsilçisi Kayra Sayıt sahib olublar. Azərbaycan təmsilçisi İrina Kindzerska çempionatı yeddinci pillədə başa vurub.

Beləliklə, dünya çempionatında fərdi yarışlara yekun vurulub.

Xatırladaq ki, dünya çempionatında 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Hidayət Heydərov bürünc medal qazanıb. Beləliklə, millimiz çempionatın fərdi yarışlarında iki medala sahib olub.

Dünya çempionatının sonuncu günündə - sentyabrın 27-də komanda yarışları keçiriləcək.

Xəbər 935 dəfə oxundu.