Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində keçirilən voleybol üzrə çempionatın qalibi müəyyənləşib
Ölkədə həyata keçirilən idman siyasəti, idmana dövlət səviyyəsində qayğı daxili işlər orqanlarında da özünü müsbət tərəfdən göstərə bilib. Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin diqqəti və tələbkarlığının nəticəsidir ki, indi idmançı polis əməkdaşlarının qələbə sorağı müxtəlif beynəlxalq yarışlardan gəlir. Şəxsi heyət arasında mənəvi-psixoloji və fiziki hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədilə mütəmadi olaraq daxili işlər orqanlarının əməkdaşları arasında idmanın müxtəlif sahələrinə aid yarışlar keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə nazirliyin İdman Cəmiyyətinin təqvim planına uyğun olaraq nazirliyin strukturları arasında növbəti voleybol üzrə turnir keçirilib.

Daxili işlər orqanlarının nizami hissələri arasında keçirilən yarışda qələbə uğrunda Daxili Qoşunların Baş İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Polis Akademiyası, Əlahiddə Çevik Polis Alayı, Baş Dövlət Yol Polisi İdarəsi olmaqla 7 komanda 2 qrupda mübarizə aparıblar. Yarışın keçirilməsində əsas məqsəd həm də DİN-in yığma komandasını müəyyənləşdirməkdən ibarət olub.

Gərgin keçən turnirin finalında Baş Mühafizə İdarəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinin komandaları üz-üzə gəlib. Oyun Baş Mühafizə İdarəsinin komandasının 2:0-lıq üstünlüyü ilə başa çatıb. Üçüncü yerin sahibi isə Nəqliyyatda Baş Polis İdarəsini məğlub edən Polis Akademiyasının kollektivi olub.

Yarışdan sonra qaliblərin mükafatlandırılması mərasimi olub, qalib komandalar DİN rəhbərliyinin fəxri fərmanı ilə təltif ediliblər.

Qeyd edək ki, Baş Mühafizə İdarəsinin voleybol üzrə komandası artıq 11-ci ildir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təşkil etdiyi çempionatda birinci yerə layiq görülür.

Xəbər 812 dəfə oxundu.