Dünya Həndbol Federasiyasının prezidenti Azərbaycan Həndbol Federasiyasında olub
Azərbaycan Həndbol Federasiyasında (AHF) Dünya Həndbol Federasiyasının (DHF) prezidenti Həsən Mustafa ilə görüş keçirilib.

Federasiyadan bildiriblər ki, görüşdə AHF-nin birinci vitse-prezidenti Orxan Abbasov Azərbaycanda idmanın bütün sahələrinin olduğu kimi, həndbolun da inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. O, əldə olunan uğurların Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idman sahəsinə diqqət və qayğısının təzahürü olduğunu vurğulayıb.

DHF-nin prezidenti Həsən Mustafa Azərbaycanda həndbolun hazırkı vəziyyəti ilə tanış olduğunu və inkişaf prosesindən razı qaldığını deyib. O, həndbolun inkişafı üçün Azərbaycanda lazımi səviyyədə bazanın olduğunu qeyd edərək tezliklə ölkəmizdə dünya səviyyəli həndbolçuların yetişəcəyinə inandığını bildirib. Bunun üçün DHF və AHF arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. O, yaxın zamanlarda həndbol üzrə mötəbər yarışların Azərbaycana həvalə olunmasına böyük ümid bəslədiyini, ölkəmizin digər idman növlərində olduğu kimi, bu növ üzrə tədbirləri də yüksək səviyyədə təşkil edəcəyinə inandığını vurğulayıb.

Xəbər 950 dəfə oxundu.